Bəhlul Mustafazadə ÇL-in pley-off mərhələsinin “Nyukasl”la matçında zədələnmişdi. Təcrübəli mərkəz yarımmüdafiəçisi hələ də yaşıl meydana qayıtmayıb.
Futbolçunun atası Ələmdar Mustafayev son durumla bağlı “Football-plus.az”a açıqlama verdi:
“Rayonda yaşayıram, Bakıya hərdən gedib-gəlirəm. Çox informasiyalı deyiləm. Bəhlulun durumu yaxşılaşmağa doğru gedir. Fərdi məşqləri bərpa edib. Mayın əvvəlində komanda ilə məşqlərə başlasa, son oyunlarda meydana çıxa bilər. Hər halda, buna komanda, məşqçilər qərar verəcək”.
“İmişli”nin akademiyasında çalışan Ələmdar bəy Bəhlulun Çinə mümkün transferinə də münasibət bildirdi:
“Bu barədə yerli mətbuatda oxuyuram. Açığını deyim, ciddi yanaşmıram. Yazırlar ki, klub istəkli görünür. Maydan sonra transfer edəcəklərini deyirlər. Amma yenə deyirəm: çox ümidli deyiləm, inandırıcı gəlmir. Media da xəbər xatirinə yazılar dərc edir”.
MÜZƏFFƏR QULUZADƏ