Bəhlul sağalandan sonra yeni klubla müqavilə imzalayacaq? – indi çəliklə gəzir...

17.03.2026 20:55 179
Ölkə futbolu / Manşet
“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə martın 1-də əməliyyat olundu.

Xatırladaq ki, Çempionlar Liqasının pley-offunda "Nyukasl"la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi müdaxiləyə ehtiyac duymuşdu.

29 yaşlı futbolçunun sağlamlıq vəziyyətiylə maraqlanmaq məqsədilə atası Ələmdar Mustafayevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a dedikləri:

“Bəhlul Finlandiyada əməliyyat olundu. Hazırda Bakıdadı. Ev şəraitində müalicə alır. Hələ ki çəliklə gəzir. Daim əlaqədəyik. Özünü yaxşı hiss edir. Psixoloji durumuyla bağlı hansısa problem yoxdu. Böyük ehtimalla, mayda məşqlərə başlaya biləcək. Ancaq onun üçün mövsüm başa çatıb”.

Ələmdar bəyə Bəhlulun adının yenidən “Şençjen Penq Siti”ylə hallandığını da bildirdik. O bu barədə hansısa məlumatının olmadığını dedi.

KƏNAN BAHADIR