Cavad xanın, Qacarlar nəslindən olan o böyük sərkərdənin, murdar Sisyanova “Gəncəyə yalnız meyidimin üstündən keçə bilərsiz” deyən qəhrəmanın şəhərində yenə ah-nalə göyə qalxıb, qaralar bağlanıb, qırmızılar yoxa çıxıb, həyəcan ən üst səviyyədədi. Sadə bir səbəb var: 2022/23 mövsümündə yalnız iştirakçıların sayının artırılmasına görə elitaya buraxılan “Kəpəz” yenidən aşağı dəstəyə yuvarlanmaq təhlükəsi ilə üzləşib.
Ardıcıl uğurlu oyunlardan sonra yalnız məğlubiyyətləri sıralayan (artıq 4-ə çatıb) Azər Bağırovun komandası çox çətin dönəmdən keçir. Bu gün qaranlıqdı, sabaha da inam yoxdu. Bildiyimə görə, heç Azər bəy də özünü rahat hiss etmir, növbəti mövsümə başqa komandada başlamağın planlarını cızır.
Mən “Kəpəz”in indiki rəhbərliyini tanımıram; düzünə qalsa, heç həvəsim də yoxdu. Yəqin o rəhbərlərin də həvəsi yoxdu məni tanımağa. Adamlar böyük bir yükün altına çiynini verib – üçqat çempionu, ölkə kubokunun dördqat qalibini elitada saxlamaq istəyirlər. Bunları yazıram, özümü də gülmək tutur: 7 titul hara, elitada yerini qorumaq uğrunda oynamaq hara?!
Adamlar iş bacarmırlar, klubu doğru-düzgün idarə edə, azarkeşlə münasibət qura, komanda daxilində intizam yarada, baş məşqçinin ətrafında birləşə, vahid yumruq ola bilmirlər. Klub daxilindən mediaya o qədər əcaib-qəraib xəbərlər sızdırılır ki, adam bilmir kimin əli kimin cibindədi və ya bu gün “Kəpəz”i elitada saxlamaq vəzifəsi hansı menecerin gətirdiyi futbolçuların boynuna qoyulub.
“Kəpəz” indiki halında Gəncənin əzəmətli dağı, rəmzi deyil. Bəli, dağdı, amma azarkeşlərinin qəlbinə çəkilən DAĞ! O gəncəli azarkeşlər, Cavad xanın nəvə-nəticələri illərdi verilən vədlərdən, klubun adı ətrafında qurulan oyunlardan, oğurluq və fırıldaqçılıq kombinasiyalarından, mühacir-sərgərdan həyatından bezib.
Gəncə azarkeşi niyə komandasını özünə kiçik qardaş saydığı Yevlaxda dəstəkləməlidi? Və həmin Gəncə azarkeşinin təminatı varmı ki, o yeni stadion da kimlərinsə oyunbazlığının, pul qazanmaq hərisliyinin nəticəsi kimi tezliklə yararsız hala düşməyəcək? Və indiki rəhbərlik, klubda söz sahibi olanlar, media ilə münasibətləri peşəkarlıq prinsipləri yox, şəxsi əlaqələr üzərindən quranlar dövlət vəsaiti hesabına tikilən o stadionda birinci liqada çıxış edən komandanın oynamasının nə dərəcədə böyük rəzalət olacağının fərqindədilərimi?
...Murdar Sisyanov daha abırlı davranmışdı, Cavad xana şəhəri təslim etmək üçün vaxt vermişdi. Cavad xan “ağ bayraq qaldırmağı” yox, şərəfli ölümü üstün tutdu! Görəsən, “Kəpəz”i “işğal edənlər” Sisyanovu, Cavad xanı, Qacarları tanıyırmı?!
HUŞƏNG