Bilindiyi kimi, yığmaya "Neftçi"dən gələn Emil Səfərov Syerra Leone ilə matçda ədəbsiz davranışa yol verdi. O, 45+1-ci dəqiqədə heç bir əsas olmadan rəqibin 9 nömrəli futbolçusu Amadu Bakayokoya sillə ilişdirdi və dərhal qaçaraq uzaqlaşdı. Bu epizodu nə baş hakim Asker Najafaliyev gördü, nə də VAR var idi ki, başverənlərə müdaxilə etsin. Beləcə Emil cəzasız qaldı.
Maraqlıdı ki, futbolçunun cəzasız qalması təkcə Bakayokonu yox, həm də azərbaycanlı futbolsevərləri özündən çıxarıb. Məlum epizodun sosial şəbəkələrdə yayılan görüntülərinin rəy bölməsində fikirlərini bölüşən azarkeşlər oyunçunun dərhal cəzalandırılmalı olduğunu, bu davranışın həm azərbaycanlıların qonaqpərvərlik adət-ənənələrinə uyğun olmadığını, etik qaydaların pozulduğunu, həm də ədalət prinsipinin pozulduğunu bildiriblər.
Əsas sual: Emil necəsə cəzalandırılacaqmı?
Buna aydınlıq gətirmək üçün dünən yığmamızın baş məşqçisi Ayxan Abbasovla əlaqə saxlamağa çalışdıq. Ancaq mütəxəssis zənglərimizə cavab vermədi. Bəlkə də Ayxan bəy onu niyə axtardığımızı təxmin edib... Yaxşı olardı ki, yığma üzvləri rəqibləri sillə-təpik ilə yox, topla "döysün".
KƏNAN BAHADIR