Türkiyənin köklü klublarından olan və hazırda 1-ci liqada çıxış edən ''Sivasspor''da Rey Manayla bağlı ciddi problem yaşanır.
Belə ki, albaniyalı qolçu pulunu ala bilmədiyinə görə nəinki Sivası, hətta Türkiyəni tərk edib. Manay rəhbərliyə noyabrın 23-nə qədər vaxt vermişdi. Amma pul həmin tarixdə də onun hesabına yatırılmadı. Bu üzdən təcrübəli forvard noyabrın 24-də öz maşını ilə Sivasdan Kayseriyə, ordan da təyyarə ilə xaricə yollanıb. Düzdü, 29 yaşlı futbolçu hələ müqaviləsini ləğv etməyib. Amma pulunu ala bilmədiyinə görə onun klubla müqaviləsini birtərəfli qaydada ləğv etmək hüququ var.
Ciddi maddi böhran içində olan ''Sivasspor''un bu problemi necə yoluna qoyacağı maraq doğurur. Bu, albaniyalının ''Sivasspor''da ikinci dönəmi idi. O daha öncə 2023-25-ci illərdə ''yiğidolar''ın şərəfini qorumuşdu. 2025-in yayında ''Əl-Şarja'' ilə ikiillik müqavilə imzalasa da, BƏƏ macərası cəmi 6 ay çəkən bu futbolçu bu ilin fevralında ''Sivasspor''a geri dönmüşdü.
Son Millətlər Liqasında performansı ilə diqqət çəkən və Albaniyanın heyətində 6 oyunda 4 qol, 2 məhsuldar ötürməlik performans sərgiləyən Manay bu mövsüm ''Sivasspor''da isə 13 qarşılaşmada 10 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.
Albaniyalı forvard Türkiyədən qaçdı
Dünya futbolu





