20-ci tur maraqlı oyunlara səhnə oldu.
"Football-plus.az" xəbər verir ki, lider “Arsenal” “Bornmut” üzərində əzmkar qələbə qazandı.
Turun mərkəzi oyununda “Mançester Siti” ilə baş məşqçisiz qalan “Çelsi” qarşılaşdı. Bu oyunda məhsuldar heç-heçə qeydə alındı, “zadəganlar”ı uzatma dəqiqələrində Fernandes xilas etdi. “Fulhem” – “Liverpul” oyununda 4 qol vuruldu, amma qalib bəlli olmadı. Elə “Lids”lə “Mançester Yunayted” də hərəyə 1 xalla kifayətləndi.
“Arsenal” 2-ci dövrəyə qələbə ilə başladı. Düzdü, “Bornmut” “topçular”a layiqincə müqavimət göstərdi. Oyun Artetanın komandası üçün pis başladı. Artıq 10-cu dəqiqədə Qabrielin kobud səhvindən yararlanan Evanilson “albalılar”ı irəli çıxardı. Amma elə həmin Qabriel 6 dəqiqə sonra səhvini düzəltdi. Ardından londonlular “1 nömrə” kimi oynamağa çalışsalar da, onların hücum əməliyyatları yetərincə kəskin deyildi. 2-ci hissənin əvvəlində Rays “Arsenal”ı sevindirdi. Qonaqlar bununla kifayətlənmədi, Rays dubl etməklə fərqi artırdı. İnsafən, “Bornmut”un futbolçuları əlini yanına salmadı, hətta Krupi 77-ci dəqiqədə intriqanı bərpa etdi. Ancaq məğlubiyyətdən qaçmaq mümkün olmadı.
Meydana liderlərə yaxınlaşmaq niyyəti ilə çıxan “Liverpul” bunu bacarmadı. Rəqibin start təzyiqi dəf edən “Fulhem” 17-ci dəqiqədə hesabı açdı. “Qırmızılar” bu qolun əvəzini 57-ci dəqiqədə çıxdı. Hesab bərabərləşəndən sonra ruhlanan qonaqlar təzyiqi bir qədər də artırdı. Sonluq hədsiz dramatik alındı. Qakpo 90+4-cü dəqiqədə mersisaydlıları irəli çıxarsa da, 90+7-ci dəqiqədə topu “9-luğ”a göndərən Rid “bağbanlar”a xal qazandırdı.
“Lids” – “Mançester Yunayted” duelində qalib müəyyənləşmədi. İlk yarıda ən real qol vəziyyətini meydan sahibləri yaratdı. Ancaq Kalvert-Lüinin zərbəsindən sonra top dirəkdən qayıtdı. 2-ci hissənin əvvəlində də Farkenin komandası rəqiblə müqayisədə daha yaxşı təsir bağışladı və saatın tamamında hesabı açdı. Düzdü, meydan sahiblərinin üstünlüyü uzun sürmədi. Mankunianlar yenicə meydana çıxan Zirkzeenin assistentliyi və Kunyanın qolu ilə hesabı bərabərləşdirdi. Sonluq çox qarışıq alındı. Komandaların hər biri ikinci qolu vura bilərdi.
Hər halda, heç-heçə bu oyunun qanunauyğun nəticəsidi. “Lids” çempionatda məğlubiyyətsiz oyunlar seriyasını 7-yə çatdırdı, ciddi kadr problemləri yaşayan MY isə 6-cı yerdə qaldı. Dünən klub rəhbərliyi Ruben Amorimi istefaya göndərdi.
Mareska ilə vidalaşan “Çelsi”nin Mançesterdən yaxşı nəticə ilə dönəcəyinə inananların sayı az idi.
Londonlular meydana indiyə qədər böyüklərin futbolunda çalışmayan Kalum Makfarleynin rəhbərliyi altında çıxdı. İlk yarıda rəqib qapısı önündə hədsiz çox təhlükəli vəziyyət yaradan “Siti” yalnız bir qol vura bildi. Təbii ki, Qvardiolanın komandası 2-ci hissədə növbəti qolu mümkün qədər tez vurmaqla əsəbi sonluqdan xilas olmaq istəyirdi. Ancaq “şəhərlilər”in hücumları əvvəlki qədər kəskin deyildi. “Çelsi” isə uzatma dəqiqələrində yaxaladığı şansı boşa vermədi. “Zadəganlar” üçün “Etihad”da heç-heçə birmənalı şəkildə uğurdu. 2026-ya iki heç-heçə ilə başlayan “Siti” isə artıq liderdən 6 xal geri qalır.
Turun qalan oyunlarına gəlincə, “Tottenhem” evdə “Sanderlend”lə heç-heçə etdi. Gözlənilmədən “Vest Hem”i darmadağın edən “Vulverhempton” mövsümdə ilk qələbəsini qazandı. “Nottingem Forest”i məğlub edən “Aston Villa” da azarkeşlərini sevindirdi. “Nyukasl” “Kristal Pelas”ı, “Brayton” “Bernli”ni iki cavabsız qolla məğlub etdi. Turun ən məhsuldar oyunu “Everton”la “Brentford” arasında reallaşdı. “Arılar” meydandan 4:2 hesablı qələbə ilə ayrıldı.
20-ci tur
Bornmut – Arsenal 2:3
Evanilson, 10. Krupi, 77 – Qabriel, 16. Rays, 54; 71. (11240)
Arsenal: Rayya, Timber, Saliba, Qabriel, İnkapye, Edeqor (Merino, 80), Subimendi, Rays, Madueke (Saka, 67), Dyökereş (Jezus, 66), Martinelli (Trossar, 67).
Mançester Siti – Çelsi 1:1
Reynders, 42 – Fernandes, 90+4. (53490)
MS: Donnarumma, Nunyeş, Diaş (Ake, 81), Qvardiol (Xusanov, 51), O’Rayli, B.Silva, Rodri, Reynders (Dokyu, 70), Şerko, Foden, Holann.
Çelsi: Yorgensen, Açimponq (Hato, 62), Çaloba, Badyaşil, Hüsto, Estevao (Santos, 46), Fernandes, Ceyms, Palmer, Neto, Pedro (Delap, 62).
Fulhem – Liverpul 2:2
Uilson, 17. Rid, 90+7 – Virts, 57. Qakpo, 90+4. (27547)
Liverpul: Alisson, Bredli, Van Diyk, Konate, Kerkez, Qravenberx, Cons (Kyeza, 85), Soboslai, Makallister, Virts (Frimponq, 76), Qakpo (Qomes, 90+6).
Lids – Mançester Yunayted 1:1
Eronson, 62 – Kunya, 65. (36909)
MY: Lammens, Yoro (Zirkzee, 64), Heven, Martines, Dalot, Kazemiro, Uqarte, Şou, Dorqu, Kunya, Şeşko.
Aston Villa – Nottingem Forest 3:1
Uotkins, 45+1. Makqinn, 49; 73 – Gibbs-Uayt, 61. (43039)
Brayton – Bernli 2:0
Rütter, 29. Ayyari, 47. (31373)
Vulverhempton – Vest Hem 3:0
Arias, 4. Hi Çan Hvan, 31-p. Mane, 41. (29874)
Nyukasl – Kristal Pelas 2:0
Gimarayns, 71. Tiav, 78. (51979)
Tottenhem – Sanderlend 1:1
Devis, 30 – Brobbi, 81. (60877)
Everton – Brentford 2:4
Betu, 66. Barri, 90+1 – Tyaqo, 11; 51; 88. Kollinz, 50. (51215)
1. Arsenal 20 15 3 2 40-14 48
2. Mançester S. 20 13 3 4 44-18 42
3. Aston Villa 20 13 3 4 33-24 42
4. Liverpul 20 10 4 6 32-28 34
5. Çelsi 20 8 7 5 33-22 31
6. Mançester Y. 20 8 7 5 34-30 31
7. Brentford 20 9 3 8 32-28 30
8. Sanderlend 20 7 9 4 21-19 30
9. Nyukasl 20 8 5 7 28-24 29
10. Brayton 20 7 7 6 30-27 28
11. Fulhem 20 8 4 8 28-29 28
12. Everton 20 8 4 8 22-24 28
13. Tottenhem 20 7 6 7 28-24 27
14. Kristal Pelas 20 7 6 7 22-23 27
15. Bornmut 20 5 8 7 31-38 23
16. Lids 20 5 7 8 26-33 22
17. Nottingem Forest 20 5 3 12 19-33 18
18. Vest Hem 20 3 5 12 21-41 14
19. Bernli 20 3 3 14 20-39 12
20. Vulverhempton 20 1 3 16 14-40 6
Bombardirlər: Holann (MS) – 19, Tyaqo (Brentford) – 14, Semenyo (Bornmut) - 9.
Turun rəqəmi
15 – MY-nin səfərdə ardıcıl qol buraxdığı oyunların sayı bu həddə çatdı. Klub premyer-liqa yaranandan bəri ilk dəfə belə aqibətlə üzləşir. Əvvəlki belə uğursuz seriya 1985-ci ilin sentyabrından 1986-cı ilin aprelinə qədər davam edib.
Turun ulduzu
İqor Tyaqo (Brentford) – braziliyalı hücumçu het-trik etməklə komandasının qəhrəmanı oldu. Bu, onun premyer-liqadakı ilk het-trikidi. Buna qədər cari mövsümdə üç dublu var idi. Tyaqo eyni templə davam edərsə, Holanna “əlcək ata” bilər.
Turun sitatı
Ceymi Karrager, “Liverpul”un sabiq müdafiəçisi: