Premyer-liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” sabah məşqlərə başlayacaq. Bu barədə “Football-plus.az”a Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov məlumat verib.
Mütəxəssis komandanın qış fasiləsi çərçivəsində ikihissəli hazırlıq prosesi keçəcəyini, həm fiziki, həm də taktiki baxımdan daha yaxşı səviyyəyə çatmaq üçün əllərindən gələni edəcəklərini bildirib.
Onun sözlərinə görə, “sarı-göylər”in heyətində ciddi dəyişikliklər görməyəcəyik. Xatırladaq ki, indiyə qədər kollektivdən iki legioner ayrılıb. Bunlar Kasper Rosa və Pedro Qomeşdi. Bundan sonra hansısa ayrılığın olacağı gözlənilmir.
Transferlərə gəlincə, əlbəttə, “Kəpəz”in güclənməyə ehtiyacı var. Lakin Azər bəy bildirir ki, hər şey hadisələrin axarından asılı olacaq.
Xatırladaq ki, gəncəlilər qarşıdakı günlərdə iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 10-da “Qəbələ”, 17-də “Karvan-Yevlax” ilə qarşılacaq. Hər iki matç rəqiblərin meydanında keçiriləcək.
“Kəpəz”in qış fasiləsinə 9 xalla 10-cu sırada yollandığını da yadınıza salaq.
KƏNAN BAHADIR