Misli premyer-liqasında 2025/26 mövsümü legioner limitinin ləğvi fonunda keçirilir. Yəni elita təmsilçiləri start heyətində meydana 11 əcnəbi futbolçu buraxa bilər. Əlbəttə, belədə yerli oyunçuların şans qazanmaq ehtimalı böyük ölçüdə azalır.
Bəs, belə şəraitdə hansı azərbaycanlı futbolçu özünü yaxşı tərəfdən göstərməyə nail ola bilib? Təbii ki, burda ən çox şans qazanan futbolçunu nəzərdə tutmuruq. Söhbət konkret məhsuldarlıqdan gedir.
“Football-plus.az” xəbər verir ki, bu statistika üzrə lider “Qarabağ”ın futbolçusu Toral Bayramovdu. O, cari mövsümdə 9 dəfə fərqlənib. Dəqiq desək, 7 qol, 2 məhsuldar ötürməyə imza atıb. 24 yaşlı yarımmüdafiəçi bu uğura 13 matçda nail olub.
Maraq üçün qeyd edək ki, Toral həm də “köhlən atlar”ın Çempionlar Liqası sınaqlarında iştirak edib. Təsnifat mərhələsində 4 oyun keçirən futbolçu 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Əsas mərhələdə baş tutan 6 matçda isə fərqlənə bilməyib.
Xatırladaq ki, Toral bütün turnirlər daxil olmaqla 2023/24 mövsümündə 15 qol, 16 məhsuldar ötürmə, 2024/25 “futbol ili”ndə 9 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
KƏNAN BAHADIR