“Eyni futbolçular bütün oyunlarda əvəzlənmədən çıxış etməyə çalışır” – daha bir bölgə klubu pulsuzlaşdı

4.12.2025 11:35 36
Ölkə futbolu / Aktual
2-ci liqa iştirakçısı “Quba”nın prezidenti Ayaz Abdullayev “feysbuk” hesabında paylaşdığı postla gündəmə gəlib.

Funksioner “Quba” üçün, demək olar ki, hər şeyi edə bilirdim. Heç nə gizlətmirəm. Son aylarda böyük əziyyətlə komandanı yaşatmaq üçün çalışıram. Futbolçularımıza ayrıca təşəkkür edirəm. Bütün çətinliklərə baxmayaraq, komandanı yarıyolda qoymadan mübarizə aparırlar. 2-ci liqanın dotasiyası, az sayda satılan biletlər, forma satışları… Bunlar komandanın bütün yükünü daşımaq üçün yetərli olmur. Bu gün vəziyyət əvvəlkindən daha çətindi. Ona görə də Quba futbolunu yaşatmaq istəyən hər kəsi bu dəstək aksiyasında iştirak etməyə çağırıram. Kiçik məbləğ belə bizim üçün böyük fərq yaradır və komandanın müəyyən ehtiyaclarını qarşılamağa imkan verir” sözləriylə qubalı futbolsevərlərə müraciət edib.

Ayaz bəylə əlaqə saxlayıb, daha ətraflı məlumat aldıq. Onun “Football-plus.az”a cavabı:
“Paylaşımda da bildirdiyim kimi, maliyyə sıxıntısıyla üz-üzəyik. Düzdü, futbolçuların maaşını vaxtında ödəyirik. Lakin hər şey bununla bitmir. Xeyli çətinlik var. Hələ mövsümün əvvəlində baş məşqçi Elvin Həsənov və 11 futbolçu ayrılandan sonra heyətdə problemlər oldu. 11 oyunçumuz var. Bəzi matçlarda 12-13 olur. Eyni futbolçular bütün oyunlarda əvəzlənmədən çıxış etməyə çalışır. Təbii ki, bu cür tab gətirmək mümkün deyil. Ən azı ona görə ki, vəzərə cəzalısı, zədəlilər olur”.
Ayaz bəy Futbolun İnkişafı Fonduyla əməkdaşlıq edib-etmədiklə haqda sualı belə cavabladı:
“Sonuncu dəfə ötən mövsüm danışıq olub. O vaxtdan bu yöndə hansısa addım atılmayıb. Ümid edirəm ki, qarşıdakı vaxtda yeni layihələr olacaq”.
KƏNAN BAHADIR