Fransalı ulduz Türkiyə yığmasının formasında şəklini paylaşdı

29.10.2026 20:22 27
Dünya futbolu
''Real'' və Fransa yığmasının üzvü Eduardo Kamavinqanın ''instaqram''da son paylaşımı diqqət çəkib.

Ünlü fransalı futbolçu 15 milyona yaxın təqibçisi olan səhifəsində eyni anda bir neçə şəkil paylaşıb. Onların arasında Kamavinqanın Türkiyə yığmasının ''10'' nömrəli formasında çəkdirdiyi şəkil böyük marağa səbəb olub.

Bu nömrə ilə sonuncu dəfə ''ay-ulduzlular''ın heyətində Arda Gülər oynamışdı. Arda bu formanı Kamavinqaya sentyabrın sonlarında baş tutan Türkiyə - Fransa matçının ardından vermişdi. Həmin oyundan sonra Ardanın Fransa yığmasının üzvləri olan ''Real''dakı komanda yoldaşları Mbappe və Kamavinqa ilə səmimi şəkildə söhbət edərkən çəkilən şəkilləri yayılmışdı. Həmin vaxt türkiyəli ulduz Mbappeyə də öz formasını hədiyyə etmişdi. Mbappe də öz növbəsində həmin forma ilə şəkillər çəkdirmişdi.

Kamavinqanın Türkiyənin forması ilə paylaşdığı şəkilə şərh yazanlar arasında Arda Gülər də var.