Peşəkar Futbol Liqasının saytında verilən məlumata görə, matç Tovuz şəhər stadionunda baş tutacaq. İş ondadı ki, “bozqurd”un bu idman qurğusunda keçirdiyi son görüş xoşagəlməz hadisəylə yadda qalmışdı. Belə ki, 10-cu turda “Şamaxı” ilə oyunda (2:1) yeni salınan təbii ot örtüyünün pis vəziyyətə düşdüyünə şahidlik etmişdik. Hətta üzə çıxmışdı ki, qazon hələ istifadə üçün tam yararlı deyil.
Maraqlıdı, indi ot örtüyünün durumu necədi? Ev oyununun Tovuz şəhər stadionunda keçirilməsi mümkün olacaqmı?
Bu sualla “bozqurd”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Stadinonun qazonuna cavabdeh olan mütəxəssis Fil Şarplesin mənə verdiyi məlumata görə, hər şey qaydasındadı. Ot örtüyü hazır vəziyyətdədi. Bu o deməkdi ki, “Neftçi”ni bu stadionda qəbul edə biləcəyik”.
Qeyd edək ki, noyabrın 28-də keçiriləcək matç saat 18.30-da başlayacaq.KƏNAN BAHADIR





