"Kəpəz"lə “Qəbələ”nin arası dəydi - “Hansı şərtlə razılaşmadıqlarını "Kəpəz"dən soruşun"

25.11.2025 13:46 66
Aktual / Ölkə futbolu
Xatırlayırsızsa, bir müddət əvvəl "Kəpəz"in ev oyunlarını yeni təmir olunan, başqa sözlə, premyer-liqa şərtlərinə uyğunlaşdırılan Yevlax şəhər stadionunda keçiriləcəyi haqda iddia ortaya atılmışdı. Həmin ərəfədə bu barədə fikirlərini öyrənmək məqsədilə "Karvan-Yevlax"ın vitse-prezidenti Kənan Kərimovla əlaqə saxlamışdıq, belə istək olarsa, gəncəlilərə hansı cavabı verəcəklərini soruşmuşduq. Axı hər iki komanda elitada qalmaq uğrunda mübarizə aparır və bu prinsipial məqam məhz Yevlax təmsilçisinin əleyhinə işləyə bilər. Maraqlıdı ki, Kənan bəy qəzetimizə açıqlamasında "bəli, onlar da bizim kimi premyer-liqada qalmaq uğrunda mübarizə aparır. Ancaq bu məsələyə prinsip baxımından yanaşmırıq. Rəsmi müraciət olacağı təqdirdə müsbət cavab vermək ehtimalımız var" demişdi.

Bu mövzuya aydınlıq gəldi. Dəqiq desək, Peşəkar Futbol Liqasının rəsmi saytında yayınlanan xəbər sayəsində yuxarıda bəhs etdiyimiz iddianın boş yerə gündəmə gəlmədiyini öyrəndik. Məlum oldu ki, “Qəbələ” ilə “Kəpəz” arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığa gələ bilməməsi səbəbindən uzadılmayıb. Müqavilə müddətinin uzadılmamasını, “Kəpəz”in müraciətini, “Karvan-Yevlax”ın razılıq məktubunu nəzərə alan PFL Misli premyer-liqasının 13-cü turundan etibarən Gəncə təmsilçisinin ev oyunlarını Yevlax şəhər stadionunda keçirməsinə qərar verib.
Maraqlıdı, bəs, "Qəbələ" ilə "Kəpəz"in qarşılıqlı razılıq əldə etməməsinin səbəbi nədi? Bu sualla həm "qırmızı-qaralar"ın idman direktoru Səbuhi Səfiyarlıya, həm də "sarı-göylər"ın mətbuat xidmətinin rəhbəri Gəray Qiyasova müraciət etdik.

Səbuhi Səfiyarlı:
"Burda bizlik nəsə yoxdu. "Kəpəz" özü ev oyunlarını Yevlax şəhər stadionunda keçirməyə qərar verib. Biz şərtlərimizi irəli sürmüşdük. Hansı şərtlə razılaşmadıqlarını "Kəpəz"dən soruşun".

Gəray Qiyasov:
"Qəbələ" ilə hansısa problemimiz yoxdu. Sadəcə, Gəncə ilə Yevlax arasında məsafə Qəbələ ilə müqayisədə qısa olduğundan stadionu dəyişdik".

Xatırladaq ki, "Kəpəz" Gəncə şəhər stadionunun yenidən inşasıyla bağlı indiyə qədər ev oyunlarını Qəbələdə və Tovuzda keçirib. Komandanın doğma şəhərə mövsümün ikinci yarısında qayıdacağı gözlənilir.

KƏNAN BAHADIR