“Ferrari”nin prezidenti Con Elkann “Formula-1” üzrə dünya çempionatının Braziliya çərhələsində yaşananları İtaliya komandası üçün məyusluq anı sayır.
"Football-plus.az" xəbər verir ki, “Ferrari”nin hər iki pilotu yarışın gedişində mübarizədən çəkilib.
Elkannın bununla bağlı fikri:
“Braziliya mərhələsi bizə böyük məyusluq yaşatdı. Pit-stopda işini əla görən mexaniklərimiz var. Sözsüz, mühəndislərimizin sayəsində maşının keyfiyyəti artıb. Ancaq qalan məsələlərdə başqalarından geri qalırıq”.
“Ferrari”nin prezidenti həmçinin komandanın pilotlarının Mühəndislər kubokunda 2-ci yeri tutmaq üçün nə etməli olduğundan danışıb:
“Pilotlarımızın az danışması və “Ferrari”yə köklənməsi vacibdi. Çünki irəlidə bizi üç vacib mərhələ gözləyir. Mühəndislər kubokunda ikinci olmaq mümkünsüz deyil”.
Xatırladaq ki, Braziliya mərhələsindən sonra “Ferrari” Mühəndislər kubokunda 4-cü pilləyə enib. Bu komanda 3-cü pillədəki “Red Bull”dan 4, 2-ci pillədəli “Mersedes”dən 36 xal geri qalır.