Binotto “Ferrari”nin hədəfini açıqladı

12.06.2022 13:16 335
İdman
“Formula-1” komandalarından “Ferrari”nin rəhbəri Mattia Binotto 2022 mövsümü üçün hədəflərini açıqlayıb:

“2022 mövsümündə hədəfimiz çempionatda qalib gəlmək yox, rəqabətədavamlı olmaqdı. İşin gedişində “bir hada ki, rəqabətədavamlıyıq, titul uğrunda mübarizə aparaq” kimi düşüncələrə dalmaq olmaz.

Rəqabətədavamlı olmaq bir məsələdi, çempionatda qalib gəlmək isə tam başqa səviyyəli vəzifədi. Əlbəttə, biz də çempionluq tsiklinə başlamaq istəyirik, özü də bir dəfə yox. Ancaq düşünürəm ki, bu vaxt alacaq. Titul uğrunda mübarizə aparmağa qadir olmaq üçün komanda kimi böyüməliyik. Bəli, komandamızdakı hər kəsin ambisiyaları var, ancaq indi tərəqqiyə köklənmək daha vacibdi. İndi hər mərhələ bizim üçün öyrəndiklərimizi möhkəmləndirmək və maşını daha güclü etmək imkanıdı. Hər mərhələdə turnir cədvəlinə baxmaq yox, fokusu qorumaq daha vacibdi”.



Xatırladaq ki, 2022 mövsümünün ilk 7 mərhələsindən sonra “Ferrari” Mühəndislər kubokunda 2-ci yeri tutur. Bu komandanın 199, lider “Red Bull”un isə 235 xalı var. “Ferrari”nin pilotu Şarl Lekler 116 xalla şəxsi hesabda 2-ci yerdə qərarlaşıb, İtaliya komandasının digər pilotu Karlos Sayns isə 83 xalla 5-ci yerdədi. Şəxsi hesabda lider 125 xalla Maks Ferstappendi (Red Bull).