Millimizin son oyunları da uğursuz seriyasının qırılmasıyla nəticələnmədi.
Yığma DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda keçirdiyi oyunlarda həm İslandiyaya uduzdu (0:2), həm də Fransaya (1:3). Beləliklə, baş məşqçi Ayxan Abbasovun yığmadakı ilk 5 matçı 4 məğlubiyyət, 1 heç-heçə ilə nəticələndi. Ardından gözlər AFFA-ya dikildi. Axı futbol qurumu hələ mütəxəssislə imzalanan müqavilənin detallarını ictimaiyyətə açıqlamayıb.
Xatırlayırsızsa, AFFA İcraiyyə Komitəsinin iclasının məhz bu oyunlardan sonra keçiriləcəyini və baş məşqçi məsələləriylə yanaşı, bir çox suala aydınlıq gələcəyini xəbər vermişdik. Bəs, iclasın tarixi müəyyənləşibmi? Hansı mövzuların gündəliyə daxil ediləcəyi gözlənilir?
Sualları AFFA Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Murad Axundova ünvanladıq. O, "Football-plus.az"a açıqlamasında hələ tarixin müəyyənləşmədiyini bildirdi.
Bəli, iclas istənilən halda keçirilməlidi. Lakin tarix və gündəlik ictimaiyyətdən gizlədilməməlidi. Ümid edirik ki, AFFA bu dəfə bizləri əvvəlcədən məlumatlandıracaq...
KƏNAN BAHADIR