“Qarabağ” Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.
"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının liqa mərhələsinin “Çelsi” ilə oyununa daha yaxşı hazırlaşmaq məqsədilə Misli premyer-liqasının 10-cu turunda keçiriləcək “İmişli” – “Qarabağ” matçı ilə 20-ci turda baş tutacaq “Qarabağ” – “İmişli” görüşünün yerinin dəyişdirilməsini istəyib.
Bildirilib ki, “Qarabağ”ın rəsmi müraciətini, “İmişli” klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.
Belə ki, 10-cu turda komandalar “Azərsun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Görüş 31 oktyabr saat 17.00-da start götürəcək. 20-ci turun görüşü isə “İmişli” – “Qarabağ” qarşılaşması kimi oynanılacaq.