Türkiyəli futbolçu Səudiyyə Ərəbistanı nəhəngində ilk qolunu vurdu

22.10.2025 16:53 18
Dünya futbolu
Avropa zonasında olduğu kimi Asiya zonası üzrə də Çempionlar Liqasının oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, qərb zonasında mübarizə aparan Səudiyyə Ərəbistanı nəhəngi ''Əl-Hilal'' liqa mərhələsinin 3-cü turunda evdə ''Əl-Sədd'' ilə qarşılaşdı.

Meydan sahiblərinin 3:1 qalib gəldikləri qarşılaşmada hesabı Yusuf Akçiçək açdı. Gənc müdafiəçi 25-ci dəqiqədə yerinə yetirilən standart zərbə zamanı qapı önündə yaranan qarışıqlıqdan istifadə edərək topu tora göndərdi. Bununla da Yusuf Səudiyyə Ərəbistanı karyerasında ilk qolunu vurdu. Bu, onun yeni klubunda cəmi 4-cü oyunu idi. Akçiçək bu matçların 2-də start heyətində meydana çıxıb.

''Fənərbaxça''nın yetirməsi olan və ötən mövsüm Joze Mourinyo sayəsində ulduzu parlayan 19 yaşlı mərkəz müdafiəçisi bu yay 22 milyon avro qarşılığında ''Əl-Hilal''a yollandı. Ər-Riyad təmsilçisi ÇL-in liqa mərhələsində keçirdiyi 3-cü oyunda da qalib gələrək xalını 9-a yüksəltdi.