Türkiyə yığmasında Berke Özər qalmaqalı

18.10.2025 13:19 16
Dünya futbolu
24 illik həsrətə son qoymaq və DÇ-yə qatılmaq arzusunda olan Türkiyə yığmasında qalmaqal hadisə baş verib.

Bu qalmaqal qapıçı Berke Özər ilə bağlıdı. Bu mövsümdən Fransada çıxış edən və “Lill”in heyətində sərgilədiyi performansla diqqəti çəkməyi bacaran 25 yaşlı qapıçı son davranışı ilə ciddi tənqid obyektinə çevrilib.

Məsələ burasındadı ki, Berke Bolqarıstanla səfər matçının iştirak ərizəsinə düşmədi. Həmin oyunda baş məşqçi Vinçentso Montella əsas heyətdə Uğurcan Çakıra şans verdisə, ehtiyat qapıçı statusunu Mərt Günok yerinə yetirdi. “Ay-ulduzlular” Sofiya səfərindən İstanbula qayıdandan sonra Berke Özər heç kimə xəbər vermədən komandanın düşərgəsindən ayrılıb! Hər halda, bunu Türkiyə Futbol Federasiyası iddia edir. Qurumdan verilən rəsmi açıqlamada Berkenin düşərgəni icazəsiz tərk edərək intizamı pozduğu və onun yığma komandanın heyətindən çıxarıldığı qeyd olunub.

Onun yerinə yığmaya “İstanbul BŞ”nin qapıçısı Muhammed Şengezər dəvət olunub. Bir andaca gündəmi zəbt edən istedadlı qapıçı isə çox keçmədən belə desək, öz versiyasını ortaya sürdü. O, açıqlamasında yığmanın düşərgəsindən zədəli olduğu üçün ayrıldığını və bunu özbaşına etmədiyini, məşqçilər korpusuna xəbər verdiyini iddia etdi.

Onun sözlərindən belə anlaşılır ki, hələ yığmaya yollanarkən ağrıları var imiş. Berke məqçilər korpusuna “oynamayacamsa, yığmada yer almaq əvəzinə evdə istirahət etməyim və müalicə olunmağım daha məqsədəuyğundu” deyibmiş. Onun ifadəsində xüsusilə “iştirak ərizəsini gördükdə günlərdi apardığım söhbətlərin mənasız olduğunu və xaricdə qürurla təmsil etdiyim ölkəmin baş komandasında qərar verən şəxslərin performansa önəm vermədiklərini, oyunçunu qazanmaq istəmədiklərini adladım” sözləri hər kəsi təəccübləndirib. Berke İstanbula çatdıqdan sonra düşüncələrini məşqçi korpusuna çatdıraraq öz istəyi ilə düşərgədən ayrıldığını qeyd edib.

Görünən odu ki, o həqiqətən bu qərarını Montellaya bildirsə də, çox güman, italiyalı məşqçi onun ayrılmasına razılıq verməyib. Xatırladaq ki, Berke Özər ötən avrokubok həftəsinə damğa vurmuş və Avropa Liqasında “Roma” ilə səfər oyununda 3 penalti dəf etmişdi. Görünür, o, bu cür tarixi performansdan sonra yığmada əsas heyətdə oynayacağını düşünürdü. Amma Montellanın bu mövzuda öz planları var. “NTV Spor”un paylaşdığı dettalara inansaq, Özər yığma ilə İstanbula döndükdən sonra komanda yoldaşları ilə birlikdə Rivadakı bazaya yollansa da, səhər saat 04.15-də heç kimə xəbər vermədən ordan ayrılıb. Hətta qapıçılar üzrə məqçilərin də bundan xəbəri olmayıb.

Berke qapıçılar üzrə iki məşqçinin hər birinə “mən ayrıldım, haqqınızı halal edən” mesajı göndəribmiş. Berke indiyə qədər yığmada iki oyun keçirib. Xatırlayırsızsa, qardaş ölkənin yığması bu yay Amerika turnesində ABŞ (2:1) və Meksika (0:1) ilə qarşılaşmışdı. Bu matçlarda qapını məhz Özər qorumuşdu.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul