Klublararası dünya çempionatında (KDÇ) 1/8 final mərhələsi də arxada qaldı.
Beləliklə, 1/4 finalda bu cütlər qarşılaşacaq: “Fluminense” – “Əl-Hilal”, “Palmeyras” – “Çelsi”, PSJ – “Bavariya”, “Real” – “Borussiya” (D). Ümumiyyətlə, bu mərhələyə Avropanın 5, Braziliyanın 2, Səudiyyə Ərəbistanının 1 təmsilçisi adlayıb.
Xabi Alonso hələ ki “Real”ı oynatmaq istədiyi futbolla bağlı eksperimentləri davam etdirir. Bask mütəxəssus “Yuventus”la oyuna da üç mərkəz müdafiəçisi ilə başladı, ancaq bu addım ilk yarıda qətiyyən özünü doğrultmadı. Üstəlik müdafiədəki qarışıqlıq turinlilərin erkən qoluna səbəb ola bilərdi.
Sadəcə, Kolo Muani təkbətək zamanı “paraşüt” zərbəni azca qapının üstündən vurdu, Kənan Yıldıza isə topun səkməsi mane oldu. Sonradan bəlli oldu ki, bu iki zərbə və Konseysaonun penalti nöqtəsinin üzərindən düz Kurtuanın üzərinə gedən zərbəsi “Yuve” üçün nadir qürur mənbəyi olacaq. İlk yarının son 15 dəqiqəsində “ağ şimşəklər” canlandı, iki təhlükəli vəziyyət yaratdı, ancaq Bellingemlə Valverdenin zərbələrini Di Qreqorio qaytardı.
Fasilədən sonra oyunun axarı dəyişdi: “Real” tempi artırdı ki, “qoca sinyora” açıq-aşkar buna hazır deyildi. 9 dəqiqəlik sıx mühasirə “Yuve”nin qapıçısının daha iki seyvi və nəhayət, Qonsalo Qarsiyanın məntiqi qolu ilə müşayiət olundu. Bu qol zamanı ona ağ futbolda məhsuldar hərəkətlərin hesabını açan Aleksander-Arnold yardım etdi. Qoldan sonra da meydanda yalnız bir komanda var idi. “Real” fərqi darmadağın həddinə çatdıra bilərdi, ancaq De Qreqorio bütün zərbələrin öhdəsindən gəldi, elə “Yuve”nin müdafiəçiləri də fədakarcasına mübarizə apardı.
Tudorun əvəzetmələri oyunun axarına heç bir təsir göstərmədi, yerli azarkeşlər isə turnirdə ilk dəfə Mbappeni iş başında gördü (düzdü, fransalı ulduz heç nə ilə yadda qalmadı). “Real” təhlükəli vəziyyətlərdən yararlanma faizini yaxşılaşdırmasa, qarşıdakı oyunlarda problemlə üzləşə bilər. 1/8 finalda mübarizəni dayandıran “Yuventus” isə 2025-i titulsuz bitirəcək.
Xatırladaq ki, Turin nəhəngi bu il A seriyasında 4-cü yeri tutub, İtaliya kubokunun 1/4 finalında uduzub, ÇL-də pley-offda PSV-yə uduzub, İtaliya Superkubokunda yarımfinalda dayanıb. Ümumiyyətlə, “qoca sinyora” son dörd mövsümdə yalnız ölkə kubokunu qazana bilib (2023/24).
1/8 final
Real – Yuventus 1:0 (0:0)
Real (Madrid, İspaniya): Kurtua, Höysen, Çuameni, Rüdiger, F.Qarsiya, Gülər (Modriç, 78), Valverde (Sebalyos, 90), Aleksander-Arnold, Q.Qarsiya (Mbeppe, 68), Cud Bellingem.
Yuventus (Turin, İtaliya): Di Qreqorio, Kelli (Kostiç, 59), Ruqani (Qatti, 86), Kalulu, Kambiaso, K.Türam, Lokatelli (Makkenni, 86), Kosta, Yıldız (Koopmeyners, 71), Kolo Muani, Konseysao (Qonsales, 59).
Qol: Q.Qarsiya, 54.
Vərəqə: Cud Bellingem, 87 - sarı.
Hakim: Şimon Marçinyak (Polşa).
1 iyul. Mayami. 62149 tamaşaçı.
Oyundan sonra
Xabi Alonso, “Real”ın baş məşqçisi: