FİFA-nın prezidentinə qarşı sensaion iddia səslənir.
İnfantino mümkün əlavə ödənişlərlə bağlı yeni tənqidlərə məruz qalıb. Bu haqda “The Times” qəzeti məlumat yayıb. Bu il keçirilən dünya çempionatının təşkili üçün yaradılan FİFA-ya məxsus “FWC2026 US Inc” şirkətinin vergi hesabatında İnfantinoya 2024-cü ildə 1,76 milyon dollar əlavə ödəniş edildiyi göstərilib.
Nəşrin iddiasına görə, bu məbləğ FİFA-nın illik maliyyə hesabatlarında əksini tapmayıb. Məlumata əsasən, İnfantinonun 2024-cü il üçün İsveçrədə bəyan etdiyi rəsmi əməkhaqqı 4,274 milyon İsveçrə frankı, yəni təxminən 3,88 milyon funt sterlinq olub. Jurnalist araşdırmasında əlavə maliyyənin bir hissəsinin FİFA-nın prezidentinin ABŞ-nin Mayami şəhərindəki yaşayış xərclərinin ödənilməsinə yönəldilə biləcəyi də qeyd olunub.
“The Times”ın yazdığına görə, həmin xərclər arasında “Google” şirkətinin keçmiş baş direktoru Erik Şmidtə məxsus, sahil kənarında yerləşən malikanənin icarəsi də var. Təxminən 20 milyon funt sterlinq dəyərində qiymətləndirilən mülkün aylıq icarə haqqının on minlərlə dollar olduğu bildirilir.
Yeri gəlmişkən, İnfantino FİFA prezidentliyinə növbəti dəfə namizədliyini irəli sürməyi planlaşdırır. Məlum iddiaların qarşıdakı seçkilər ərəfəsində onun rəhbərliyinə yönələn diqqəti artıracağı gözlənilir. Bununla belə, əlavə ödənişlərlə bağlı məlumatlar jurnalist araşdırmasında irəli sürülən iddialardı və özlüyündə hər hansı qanun pozuntusunun rəsmən təsdiqləndiyi anlamına gəlmir.
Yeri gəlmişkən, FİFA-nın vitse-prezidenti Debbi Hyuitt İnfantinonu tənqid edib, hətta onu istefaya çağırıb. Narazılığa turnirlərin kommersiya hüquqlarının xüsusi sərmayədarlara verilməsi planı ilə bağlı sualların cavabsız qalması səbəb olub. Hyuitt bu barədə BBC-yə açıqlamasında danışıb. FİFA Şurasının cümə axşamı Sürixdə keçirilən iclası İnfantinonun turnirlərin kommersiya hüquqlarının bir hissəsini xüsusi şirkətlərə vermək planından əl çəkməsindən sonra baş tutan ilk toplantı olub. Məlum plan UEFA-nın etirazları və mümkün boykot təhlükəsi fonunda rəsmən dayandırılıb.
Hyuittin sözlərinə görə, İnfantino iclasda üzr istəsə də, planla bağlı konkret suallara cavab verməyib. Şura üzvləri xüsusilə baş tutmayan layihə ilə bağlı sənədlərin niyə təqdim olunmadığını öyrənmək istəyiblər. Lakin onlara suallarını yazılı şəkildə göndərmək təklif olunub:
“İnfantino bu suallara cavab verməlidi. Əks halda, o, FİFA-nın prezidenti vəzifəsinə layiq deyil. O, yalnız məsələni Şuranın müzakirəsinə çıxarmadığına görə üzr istədi. Həqiqətən təəssüflənirsizsə, bunu bizimlə bölüşün”.





