“Futbol reanimasiyadadı, süni nəfəs aparatına qoşulub” - “Tottenhem”in sabiq oyunçusu İnfantinoya “əlcək atdı”

21.10.2026 22:00 36
Dünya futbolu
FİFA prezidenti postuna seçkidə Canni İnfantinonun ilk potensial rəqibinin adı bəllidi – “Tottenhem”in və İsveçrə yığmasının sabiq müdafiəçisi Ramon Veqa.

O, qurumun prezidenti postuna seçkidə namizəd olmaq niyyətini açıqlayıb, indiki rəhbərliyi tənqid edib və bildirib ki, dünya futbolu islahatlara ehtiyac duyur.

“Daha gözləyə bilmərik”
Veqanın 55 yaşı var. O, mərkəz müdafiəçisi mövqeyində oynayıb, İsveçrə yığmasında 23 oyun keçirib, klub səviyyəsində isə “Kalyari”, “Tottenhem”, “Seltik” və “Uotford”un şərəfini qoruyub. Ramon 2004-cü ildə karyerasını bitirəndən sonra əsasən maliyyə sahəsində çalışıb. Bu, onun üçün futbol siyasətinə daxil olmaq baxımından ilk cəhd deyil. İsveçrəli əvvəllər, yəni 2015, 2019 və 2022-ci illərdə də FİFA prezidenti vəzifəsinə namizədliyini irəli sürmək imkanını gözdən keçirib, ancaq lazımi dəstəyi ala bilməyib.

İş ondadı ki, namizəd seçki bülleteninə düşmək üçün FİFA üzvü olan 211 milli federasiyadan ən azı beşinin dəstəyini almalı, son 5 ilin ikisində futbol sahəsində fəal çalışmalı, FİFA-nın komitəsinin tələblərinə uyğun olub-olmadığı yoxlanılmalıdı.

Veqa bu dəfə sona qədər getməyə hazırdı. 55 yaşlı isveçrəli ictimaiyyət üçün açıqlamasında dünyanın ali futbol qurumunun imicini bərpa etmək istədiyini bildirib:

“Ona görə çıxış edirəm ki, həyat məni futbola xidmət etməyə hazırlayıb. Dünya futbol ailəsinin qarşısında təvazökarlıqla, qətiyyətlə və dərin məsuliyyət hissi ilə dayanıram. Futbol prezidentlərə, konfederasiyalara və ya inzibatçılara məxsus deyil. O istənilən vəzifədən, istənilən adamdam və ya istənilən institutdan vacibdi. Futbol indi reanimasiyadadı, süni nəfəs aparatına qoşulub. Daha gözləyə bilmərik. FİFA yeni istiqamətlərə və fundamental islahatlara ehtiyac duyur”.

İnfantino təzyiq altındadı
FİFA prezidenti vəzifəsinə seçki gələn il martın 18-də qurumun Rabatda (Mərakeş) keçiriləcək 77-ci konqresində gerçəkləşəcək. 2016-cı ildən bəri ali futbol qurumuna rəhbərlik edən İnfantino artıq yeni müddətə seçilmək niyyətini açıqlayıb. Ancaq onun namizədliyi heç də hamını razı salmır. Dünya çempionatı ilə bağlı hüquqları satmaq planı iflasa uğrayandan sonra 56 yaşlı funksioner ciddi təzyiq altındadı.

Xatırladaq ki, İnfantino yaradılması nəzərdə tutulan “FIFA Forward Enterprise” strukturu vasitəsi ilə dünya çempionatıyla bağlı layihələrə özəl investorları cəlb etmək istəyirdi. Üç konfederasiya dərhal bu təşəbbüsü süngü ilə qarşıladı. UEFA, CONCACAF və AFC FİFA rəhbərliyini onları aldatmaqda suçladı və etimad mühitinin pozulduğunu bəyan etdi.

İnfantino tezliklə bu ideyadan geri çəkilməyə məcbur oldu. UEFA hələ də FİFA-nın indiki prezidentinə layiqincə müqavimət göstərə biləcək alternativ axtarışındadı. FİFA prezidentliyinə namizədliyi irəli sürmək üçün nəzərdə tutulan son tarix noyabrın 18-di. Ancaq Canniyə qalib gəlmək heç də asan olmayacaq. “Associated Press”in yazdığına inansaq, İnfantino artıq 90-a yaxın ölkənin dəstəyini təmin edib.

Yaxınlarda yaşanan məlum qalmaqala baxmayaraq, onun Cənubi Amerikada, Yaxın Şərqdə və bəzi Avropa federasiyalarında müttəfiqləri var. Yeri gəlmişkən, AFFA-nın da FİFA-nın indiki rəhbərini açıq şəkildə dəstəklədiyi şübhə doğurmur.