“Rayo Valyekano”nun son 147 gündə çempionatda ilk ev oyunu. Komanda turnir cədvəlinin ortalarında qərarlaşıb, rəqib isə “Atletik”di. Qələbə təqdirində komanda ilk “5-liy”ə çox yaxınlaşacaq. “Kampo-de-Valyekas” çoxdan öz futbolçularının intizarındadı. Doğrudan?
Sən demə, stadiona toplaşanlar öz futbolçularını dəstəkləməyin yox, etiraz aksiyasının həsrətini çəkirmiş. “Rayo”nun azarkeşləri bütün qəzəbini klub prezidentinə yönəltdi. Oyun ilk yarıda dayandırıldı. İndi Madrid klubunu intizam cəzası gözləyir.
Uzunömürlü münaqişə
Raul Martin Presa 2011-ci ildən bəri “Rayo Valyekano”da hakimiyyət sahibidi. O, klubu min avroya alanda üzərinə 40 milyon avroluq borc da götürdü. Prezidentin dediyinə görə, gizli öhdəlikləri də nəzərə alanda borcun real məbləği 100 milyona yaxın imiş.
La Liqanın ən kasıb klublarından biri statusuna baxmayaraq, Presa tədricən “Rayo”nu maliyyə sabitliyinə qovuşdurdu. Müflisliyin fəsadlarını aradan qaldıran madridlilər artıq neçə mövsümdü ki, nəhəng bank kreditləri və transfer borcları ilə üzləşmir. Presanın sərt iqtisadi siyasəti də indiki durumun bərqərar olmasında önəmli rol oynayıb.
Ancaq prezidentin azarkeşlərlə münasibətləri çoxdan gərgindi. Fanatların narazılığı üçün səbəblər çoxdu:
- stadionun qorxunc vəziyyəti. 1976-cı ildə istifadəyə verilən “Kampo-de-Valyekas” yarım əsr ərzində güclü şəkildə sıradan çıxıb. Yayda Madrid muxtar icmasının hakimiyyət orqanları audit keçirəndən sonra klubun arenadan yararlanmasına müvəqqəti qadağa qoydu. Ona görə ki, audit zamanı təhlükəsizlik qaydalarının və sanitar normaların qorunması ilə bağlı ciddi pozuntular üzə çıxdı. “Rayo” cari mövsümdəki ilk üç ev oyununu Leqanesdə - “Butarke” stadionunda keçirdi. Əksər fanatlar həmin oyunları boykot etdi, stadiona çox az sayda – orta hesabla 4 min adam toplaşdı.
- Azarkeşlər həmçinin klubun ehtiyaclarının qarşılanmamasından və infrastrukturun yararsızlığından narazıdı. İradlar sırasında hərəkət imkanları məhdud olan fanatlar üçün şəraitin pisliyi, qadınlar üçün tualetin dolması və yeganə, kiçik kassa qarşısında saatlarla növbədə dayanmaq da var. “Rayo” hələ də onlayn bilet satışına keçməyib.
- Oyunçular da narazıdı: qazonun keyfiyyətindən, paltardəyişmə otaqlarındakı şəraitdən, duş otaqlarında isti suyun olmamasından, ərazinin lazımınca təmizlənməməsindən gileylənirlər. Fanatlar da bu məsələdə komanda ilə həmrəydi, oyunlar vaxtı bu şüarı qışqırırlar: “Evimiz xarabalığa çevrilib”.
- Valyekas rayonunu tərk etmək təhdidi. Presa dəfələrlə klubun fəhlə kvartalından köçməsinin mümkünlüyü haqda danışıb. Halbuki məhz bu kvartal “Rayo”nin identikliyinin vacib hissəsidi.
- Digər idman istiqamətlərinin maliyyələşdirilməsinin ixtisarı. Azarkeşlər həm də ona görə narahatdı ki, perspektivli yetirmələr klubu erkən tərk edir, qadınlardan ibarət komanda isə böhran yaşayır. Hərçənd bu komanda üç dəfə - 2008/0, 2009/10 və 2010/11 mövsümlərində çempion olub.
“Rayo Valyekano”nun kişi komandası da son mövsümlərdə önəmli uğurlara nail olub, hətta Konfrans Liqasında finala qədər irəliləyib. Ancaq bu məqam əksər azarkeşlərin Presaya yönələn ittihamlarını azaltmır.
“Atletik”lə oyunda kulminasiya
Referi Xose Mariya Sançes Martines 13-cü dəqiqədə oyunu datandırdı. Kağızdan düzəldilən təyyarələr və kiçik plastik toplar meydana uçmağa başladı. İspaniya mediasının yaydığı xəbərə görə, oyunun rəsmui protokolunda təyyarələr, toplar və sonradan plastik butılkalar göstərilib.
İlk fasilə 10 dəqiqə çəkdi. Diktor azarkeşlərə xəbərdarlıq etdi ki, bir daha meydana yad əşyalar atılarsa, oyun dayandırıla bilər. Komandanın liderləri – Oskar Valentin və İzi Palazon fanatlara yaxınlaşaraq onları sakitləşdirməyə çalışdılar. Oyun canlanandan sonra da vəziyyət dəyişmədi: azarkeşlər yenidən meydana kənar əşyalar atmağa başladılar.
Hakim komandaları tribunaaltı əraziyə göndərdi, stadionun texniki personalı “Rayo”nun oyunçularının köməyi ilə qazonu təmizlədi. Oyun növbəti dəfə canlandı və 16 saniyə sonra eyni mənzərə təkrarlandı. Bundan sonra komandalarla danışan Sançes Martines birdəfəlik oyunu dayandırdı. Protokolda yazılana görə, bu qərar milli polisin təhlükəsizlik üzrə əlaqələndiricisinin məsləhəti ilə verilib: polis oyunun davam etdirilməsi üçün şəraiti təmin etməyə hazır olmadığını bildirib.
“Rayo” azarkeşləri oyunun dayandırılmasını özünün uğuru kimi dəyərləndirib: klub mahnılarını oxuyublar, “Atletik”in futbolçularını alqışlayıblar və bu şüarları səsləndiriblər: “Presa, elə indi get”, “Qorxaq Presa”.
Aksiyanın təşkilatçıları etiraz planları ilə bağlı vərəqlər də yayıblar: oyunun əvvəlindən fitə basmaq, 13-cü dəqiqədə şüarlar səsləndirmək və kağız təyyarəcikləri meydana atmaq. Bu, təsadüfi seçim deyil: ev oyunlarının 13-cü dəqiqəsində “Rayo” fanatları, adətən, “Presa, get” şüarini səsləndirir. Vərəqlərdə kağızdan təyyarəni necə düzəltməklə bağlı təlimatla yanaşı, bu sözlər də yazılmışdı:
"Presa cəmiyyətin bütün səviyyələrində qlobal memə çevrilib. O, küncə sıxışdırılıb. Hər kəs onun səhlənkarlığından və səhv əməllərindən xəbərdardı. Yenidən “Valyekas” stadionunda oynamağa başlasaq da, vəziyyətin sakitləşməsinə imkan verə bilmərik. Münaqişəni dərinləşdirməyə davam edəcək və Presadan qurtulmaq üçün səbəblər tapacağıq. İllərdi əziyyət çəkirik, artıq geridönüşü olmayan nöqtəyə çatmışıq. Presa üçün yeganə həll yolu getməkdi”.
La Liqa rəhbərliyi azarkeşlərin davranışını pisləyib. Klubun ən qədim azarkeş təşkilatı olan “Plataforma ADRV” isə vəziyyəti “davamsız” adlandırıb və bunu “xaotik idarəçilik, identikliyin itirilməsi, personalar və azarkeşlərə münasibətdə davamlı pis rəftar” ilə əlaqələndirib. Kapitan Oskar Valentin vəziyyətin dözülməz olduğunu yazıb və azarkeşlərin şikayətlərinin dinlənilməsini istəyib.
Klubun bəyanatı
Elə həmin şənbə axşamı “Rayo” bəyanat yaymaqla başverənləri kəskin şəkildə qınayıb. Klub “Bukaneros” qruplaşmasını prezident Presaya qarşı aksiyanın təşkilində ittiham edib:
“Onların yeganə məqsədi oyunu dayandırmaq idi. Bunu edəndən sonra oyunçuların və hakimlərin təhlükəsizliyinə problem yaratdılar, onların öz peşəsi ilə məşğul olmaq azadlığına mane oldular, yegan marağı oyuna baxmaq olan əksər azarkeşlərin hüquqlarını pozdular”.
Klub həmçinin bu insidentin son 15 ildə baş verən üçüncü belə epizod olduğunu xatırladıb. Söhbət 2012-ci ildə “Real” və 2019-cu ildə “Albasete” ilə keçirilən oyunlardan gedir. Birinci halda stadionun işıqlandırılmasıyla bağlı problem yarandığına görə oyun bir gün sonra keçirilib. 2019-cu ildə isə hücumçu Roman Zozulyanın ünvanına təhqiramiz şüarlara görə oyun dayandırılıb.
“Rayo” meydana kənar əşyalar atan azarkeşlərin şəxsiyyətini müəyyənləşdirmək üçün polisdən videoyazıları istəyib. Madrid muxtar icması hökumətinin turizm, mədəniyyət və idman üzrə məsləhətçisi Mariano de Pako isə tərəfləri sakitliyə çağırıb və bildirib ki, “Rayo” haqq etdiyi stadionu alacaq.
Bəs sonra?
Oyun hələ ki qeyri-müəyyən müddətə təxirə salınıb. La Liqa onun yeni tarixini və başlama saatını elan edəcəyini bildirib. “Atletik” biletpulunu azarkeşlərinə qaytaracağını təsdiqləyib. “Rayo” intizam cəzası ilə üzləşə bilər, ancaq onun növümü müvafiq orqan müəyyənləşdirəcək. Müxtəlif variantlar var: cərimə, tribunların bir hissəsinin qapadılması, stadionun üçoyunluq diskvalifikasiyası, hətta komandaya məğlubiyyət verilməsi.
“Rayo Valyekano”nun növbəti ev oyunu oktyabrın 24-də “Kampo-de-Valyekas”da “Elçe”yə qarşı olmalıdı. Ancaq intizam orqanlarının qərarından sonra oyunun yeri dəyişdirilə bilər.





