''Fənərbaxça'' Mourinyonu yox, onun köməkçilərini qovdu!

1.06.2025 12:59 25
Dünya futbolu
''Fənərbaxça''nın son turda ''Konyaspor''u məğlub etməsinin ardından baş tutan mətbuat konfransında Joze Mourinyo maraqlı açıqlamalar verib.

O, cümə günü rəsmən klubdan ayrılan Edin Ceko ilə Duşan Tadiçin ardından daha bir futbolçu - Alan Sen-Maksimenin də ayrılacağını təsdiqləyib. Fransalı vinger zatən ''Fənər''də icarə əsasında top qovurdu. Portuqaliyalı mütəxəssis məşqçilər korpusunda yaşanacaq dəyişiklikləri də təsdiqləyib.

Belə ki, Türkiyə mətbuatında Mourinyonun 4 köməkçisi - Salvatore Foti, Stefano Rapetti, Luka Fatiqa və Covanni Serra ilə ən qısa müddətdə yolların ayrılacağı vurğulanılmışdı. Çox güman yeni gələcək köməkçi məşqçilərdən ən azı ikisi yerli olacaq. Mourinyo bu haqda bunları deyib:
''Mən əslində köməkçilərimdən razıyam. Klubla bu məsələni müzakirə etdik. Onlar nə klub tərəfindən qovuldu, nə də mənim tərəfimdən. Sadəcə müzakirələr apararaq belə bir qərar verdik. Köməkçilərim hamısı olmasa da, bəziləri ayrılacaq. Belə şeylər dünya futbolunda normal qarşılanır. Nədənsə, Türkiyədə normal qarşılanmır. Qvardiolanın köməkçisi Portuqaliyaya yollandı. Kloppun köməkçisi Qvardiolanın məşqçilər korpusuna qatıldı. Yəni belə dəyişikliklər hər yerdə olur. Mən belə dəyişikliyin ola biləcəyini rəhbərliyə hələ bir neçə ay öncə bildirmişdim. 3 köməkçim gedəcək, onların əvəzinə 2 yeni isim gələcək''.
Mourinyo yeni köməkçilərinin kim olacağı ilə bağlı suala isə ''məlumatım yoxdu'' cavabını verib.