Onsuz da Misli premyer-liqasının sonuncu - 36-cı turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Kəpəz" matçı Qərb derbisi statusu daşıdığı üçün futbol ictimaiyyətinin diqqətində idi. Ancaq hakimin start fitindən sonra baş verən qəribə hadisələr prinsipial qarşılaşmaya olan marağı birbəbeş artırdı. Ona görə ki, "Turan Tovuz" ilk 44 dəqiqə ərzində Gəncə təmsilçini 4:0 hesabıyla məğlub duruma saldı.
Ardından, daha dəqiqi, hələ oyun başa çatmamış "Kəpəz"in baş məşqçisi Azər Bağırovun matçdan sonra istefa verəcəyi haqda xəbərlər yayıldı. Əlbəttə, bunun doğru olub-olmadığını anlamaq üçün gözləmək daha məqbul variant idi. Lakin "sarı-göylər"in ruhsuz oyunu fonunda mütəxəssisin qəmgin duruşuna diqqət yetirmək kifayət idi ki, bir qədər sonra veriləcək açıqlamanın mahiyyətini öncədən hiss edəsən.
İstənilən halda, Azər bəy məlum qərarını qəribə fikirlərlə izah etdi və "sarı-göylər"lə bağlı missiyasının bitdiyini elan etdi. Maraqlıdı ki, o, mətbuat konfransında rəhbərliklə şərtlərinin üst-üstə düşmədiyini də dedi, klubda bundan sonra hər şeyin yaxşı olacağını da. Bağırov bir-birinə zidd açıqlamalar verməklə yanaşı, ortaq məxrəcin tapılmadığı məsələləri ictimaiyyətdən gizlətdi. Və gedərkən "Kəpəz"in yeni rəhbərliyinin “bostanına daş atmaqdan” da çəkinmədi: "Zaman göstərəcək ki, kim hardadı? Həmişə demişəm ki, həyatda düz olmaq lazımdı".
Bəli, ad çəkməsə də, Azər bəyin dediklərindən hansısa nəticə çıxarmaq mümkündü. Bəs klub rəhbərliyinin bu istefa ilə bağlı mövqeyi necədi? Bu sualla "sarı-göylər"in idman məsələləri üzrə müşaviri Erkin İbrahimova müraciət etdik: