2-ci liqanın 24-cü turunda “Şahdağ Qusar” səfərdə “Şəfa” ilə heç-heçə edib - 0:0.
“Football-plus.az” xəbər verir ki, qonaqların baş məşqçisi Elnur Abdullayev oyunsonrası mətbuat konfransında jurnalistərin suallarını cavablayıb.
- Komandaya gələndə qarşıma 1-ci liqaya vəsiqə və çempionluq hədəfi qoyulmuşdu. Çempionatın bitməsinə altı tur qalmış 1-ci liqaya yüksəlməyi rəsmiləşdirdik. “Şəfa” olmasaydı, çempionluğu da altı tur qalmış rəsmiləşdirərdik. Rəqibimiz çox güclüdü. Mənim üçün maddiyyat önəmlidi. Amma istək ondan da önəmlidi. Bu gün komandam istəkli idi. 1-ci turdan indiyədək məqsəd çempionluqdu. Əlimizdən gələni edirik. Deməzdim ki, çempionuq. Qarşıdakı oyunlarımız da çətindi. Rəqiblərimiz “Qusar” və “Dinamo”du. İnşallah çempion olarıq.
- 1-ci liqada məqsədiniz nə olacaq?
- Bu barədə heç nə deyə bilmərəm. Çünki rəhbərliklə danışmamışam. Rəhbərlik mənə büdcə qoymalıdı ki, “bu büdcə ilə bunu et”, məsələn, çempion ol. Yəqin ki, bir az sonra bu haqda danışacağıq.
- Özünüz futbol oynayanda bu atmosferi hiss etmisiz. İndi məşqçi kimi yaşadız. Nə düşünürsüz?
- Bu ab-havada “Xəzər Lənkəran”da oynamışam. Möhtəşəmdi. Futbolçulardan narahat idim ki, belə atmosferdə oynamayıblar. Azarkeşlərə sonsuz təşəkkürümü bildirirəm. Komanda uduza bilər, azarkeş olmalıdı. İnşallah, onları sevindirəcəyik.
- Rəqib komandanın sizin azarkeşlər üçün biletin qiymətini 10 manat təyin etməsi haqda nə deyə bilərsiz?
- Bir var azarkeş, bir də var fanat. Bunlar fanatdı. Fanatları incitməyin. Heç nəyi yadlarından çıxarmırlar. Həmişə yadlarında qalır. Möhtəşəm idilər. 12-ci oyunçu kimi yanımızda oldular. O işlərə qarışmaq istəmirəm. Bilet satmaq mənlik deyil. Düşünürəm ki, bizdə necə olmuşdusa, burda da elə olsaydı, yaxşı olardı. İnanıram ki, gələcəkdə belə hallar olmayacaq”.
MÜZƏFFƏR QULUZADƏ
“Futbolçulardan narahat idim ki, belə atmosferdə oynamayıblar” – Elnur Abdullayev
Ölkə futbolu / Aktual





