“Qəbələ” bu ay çempion olsa da, mükafatlandırılmayacaq – PFL rəsmisi səbəbi izah etdi

24.04.2025 10:00 183
Ölkə futbolu / Manşet
“Qəbələ” aprelin 25-də 1-ci liqanın 23-cü turu çərçivəsində MOİK-i qəbul edəcək.

“Football-plus.az”ın məlumatına görə, “qırmızı-qaralar” bu matçda qalib gəlsə, “Zaqatala” – “İmişli” matçında qeydə alınacaq nəticədən asılı olmayaraq, çempionluğunu rəsmiləşdirəcək. Təbii ki, lider qalib gəlməsə də, çempion ola bilər. İş ondadı ki, bunun üçün "İmişli" xal itirməlidi.

Bəs “Qəbələ” çempion olsa, həmin oyunda mükafatlandırılma mərasimi baş tutacaqmı? Bu sualla PFL-in Media və marketinq üzrə direktoru Sənan Abdullayevə müraciət etdi. Qurum rəsmisinin cavabı:
“Bütün mükafatlandırmalar mayda olacaq. Yəni Qəbələdə hansısa mükafatlandırma nəzərdə tutulmur. “Qəbələ” çempion olsa, sonuncu ev oyunundan əvvəl PFL-in idarə heyətinin qərarına əsasən planlama ediləcək”.
Qeyd edək ki, “qırmızı-qaralar”ın sonuncu ev oyunu mayın 14-16-sı aralığında baş tutacaq. Kaxaber Sxadadzenin komandası 26-cı tur çərçivəsində keçiriləcək matçda “Zaqatala” ilə qarşılaşacaq.

KƏNAN BAHADIR