Türkiyə kubokunda finalın tarixi və məkanı bəlli oldu

17.04.2025 17:36 15
Dünya futbolu
Türkiyə Futbol Federasiyası bu mövsüm Türkiyə kubokunun final matçının tarixini və həlledici oyuna ev sahibliyi edəcək stadionun adını açıqlayıb.

''Football-plus.az'' xəbər verir ki, bu turnirdə finalçılar gələn həftə bəlli olacaq.

Aprelin 22-də baş tutacaq ilk yarımfinalda ''Qalatasaray'' ''Konyaspor''un qonağı olacaqsa, aprelin 24-dəki digər yarımfinalda ''Trabzonspor'' ''Göztəpə''ni qəbul edəcək. Finala gəlincə, həlledici qarşılaşma mayın 14-də ''Yeni Əskişəhər'' stadionunda keçiriləcək.

Maraq üçün bildirək ki, 2016-cı ildə istifadəyə verilən və 32500 azarkeş tutumuna malik olan Əskişəhərdəki bu arena artıq bir dəfə kubokun finalına ev sahibliyi edib.

2017-ci ildə ''Konyaspor'' ilə ''İstanbul BŞ''nin qarşılaşdığı final məhz bu stadionda baş tutmuşdu. O vaxt 120 dəqiqəsi qolsuz başa çatan oyunda Aykut Kocamanın çalışdırdığı ''Konyaspor'' penaltilər seriyasında 4:1 üstün olaraq tarixində ilk və hələ ki, sonuncu dəfə ölkə kubokunun qalibi olmuşdu. Həmin il ''Konyaspor'' ''Beşiktaş''ı da məğlub edərək ölkə superkubokunu da qazanmışdı.