"Football-plus.az" xəbər verir ki, Arda Gülərin bu qarşılaşmada Madrid nəhənginin heyətində debüt etmək ehtimalı var. Dünən oyunöncəsi mətbuat konfransında iştirak edən madridlilərin təcrübəli müdafiəçisi Naço Fernandesə həm də türkiyəli ulduz barədə sual veriblər. O, bunları deyib:
''Arda Gülər çox gənc və inanılmaz istedada sahib olan bir futbolçudu. Onu çox parlaq gələcək gözləyir. Bir futbolçunun ''Real''da uğur qazanması üçün lazım olan xarakterə və özəlliklərə sahibdi. Sadəcə zamana ehtiyacı var. Artıq özünü göstərməyə başlamalıdı. Çünki zədələrdən qurtulub. Biz də onun oynamasını səbirsizliklə gözləyirik''.
''Real'' karyerası çox şanssız başlayan, ardıcıl 2 dəfə zədələnən Arda Gülərin adı ilk dəfə ötən həftəsonu ''Rayo Valyekano'' ilə oyunda iştirak ərizəsinə salınsa da, Karlo Ançelotti ona şans verməmiş və 18 yaşlı futbolçu bütün oyunu ehtiyatda keçirmişdi.
''Braqa'' ilə görüş üçün Ardanın adı yenə iştirak ərizəsinə salınıb. Oyun ''Real'' üçün rahat keçsə, böyük ehtimalla 2-ci hissədə meydanda Arda Güləri də görəcəyik. Bu arada Türkiyə yığmasının yeni baş məşqçisi Vinçentso Montellanın da Madriddə olduğunu bildirək. O, ''Real''ın dünənki məşqini təqib edərək Ançelotti ilə bir qədər söhbətləşib. Montellanın bu gün ''Santyaqo Bernabeu''dakı oyunu tribunadan izləyəcəyi gözlənilir.
Bu matçda Ardadan başqa Türkiyə yığmasına daha bir namizəd forma geyəcək. Söhbət ''Braqa''nın mərkəz müdafiəçisi Sərdar Saatçıdan gedir. ''Beşiktaş''ın yetirməsi olan və ötən yay ''Braqa''ya yollanan 20 yaşlı futbolçu son matçlarda daimi olaraq start heyətində meydana çıxır və inamlı təsir bağışlayır. Onun özünü Montellaya göstərmək üçün gözəl fürsəti yaranıb.
ƏLİ






