İkinci oyun gününün ilk matçında “İnter” Rotterdama səfər etmişdi. Pley-offda “Milan”ı mübarizədən kənarlaşdıran “Feyenoord”un Milanın digər təmsilçisi ilə oyunda sürprizə gücü çatmadı.
Maraqlıdı ki, hesab açılana qədər iki komanda ümumilikdə yalnız 0,12 xG (qol fürsəti) yarada bilmişdi. 38-ci dəqiqədə gələn ilk qol oyunun qırılma anı oldu. Türam Barellanın asmasından sonra bir toxunuşla əla zərbə ilə topu tora göndərdi. İkinci hissənin əvvəllərində fərq artdı. Bu dəfə Martines topu tirin altına sancdı. Meydan sahiblərinin oyunboyu yaxaladıqları ən real fürsət zamanı Moderin zərbəsindən sonra top tirə tuş gəldi. Qalan vaxtda yeganə yaddaqalan epizod Vellenroyterin Zelinskinin penaltisini dəf etməsi oldu.
Gecənin matçları bol qollu alınmasa da, yetərincə maraqlı keçdi. Noyabrdan bəri heç kimi uduzmayan və mükəmməl formada olan PSJ bu mövsüm üçün ÇL-in əsas favoriti qismində göstərilən “Liverpul”a çox çətin anlar yaşatdı. Paris nəhəngi əvvəldən sona qədər aşkar, hətta bəzi anlarda qorxunc üstünlüyə malik oldu. Təkcə qapıya zərbələrin sayına (27:2) nəzər salmaq kifayətdi. Amma Luis Enrikenin komandası ən vacib olanı, yəni topu rəqib qapısına göndərməyi bacarmadı. İlk yarıda Kvaratsxeliyanın qolundan sonra VAR-da cüzi ofsayd qeydə alındı. Alisson karyerasının ən yaxşı oyunlarından birini keçirərək matçı 9 seyvlə tamamladı və son 22 ilin rekordunu təkrarladı. Bu oyun bir daha göstərdi ki, qol gəlmədikdən sonra topa nəzarət və statistikadakı üstünlük heç bir əhəmiyyət kəsb etmir.
Düşünmək olardı ki, “Liverpul” belə oyunla 0:0-a artıqlamasıyla razıdı. Amma çoxlu güc sərf edən PSJ oyunun sonlarına yaxın yorulmağa başladı. “Liverpul” bundan istifadə edərək oyunboyu yaratdığı yeganə ciddi fürsəti qola çevirdi. Salahın yerinə meydana çıxan Elliot ilk topa ilk toxunuşdaca Donnarummanı məyus etdi. Bu, qonaqların oyunboyu “çərçivə”yə ilk və yeganə zərbəsi oldu! Premyer-liqanın lideri cavab oyunu ərəfəsində samballı üstünlük yaxalasa da, bu PSJ-dən hər şey gözləmək mümkündü. Hər bir seriyanın sonu olduğu kimi Xabi Alonsonun da “Bavariya”ya qarşı məğlubiyyətsiz seriyası başa çatdı. İki ildi Almaniyada və Avropada xarüqələr yaradan “Bayer-04” Alonso ilə Münhen nəhənginə qarşı keçirdiyi 6 oyunun heç birində uduzmamışdı. Amma “Bavariya” bu dəfə çox inamlı performans sərgiləyərək tək bundesliqada yox, ÇL-də də iddialı olduğunu göstərdi. Heyətlə oynamağı sevən və nədənsə “Bavariya”ya qarşı matçlarda nominal hücumçusuz oynamağa üstünlük verən Alonsonun taktikası bu dəfə özünü doğrultmadı. “Rekordmayster” Keynin başla vurduğu qol sayəsində fasiləyə üstün yollandı. İkinci hissə qonaqlar üçün kabus kimi keçdi.
“Liverpul”a 0:4 hesablı məğlubiyyətdən bu yana ispaniyalı mütəxəssis ÇL-də Qradetskiyə yox, Kovarja üstünlük verir. Amma ikinci qol məhz çexiyalı qapıçının kobud səhvi üzündən buraxıldı. Bu azmış kimi çox keçmədən “Bayer-04” azlıqda qaldı. Yekun nəticəni isə penaltini dəqiq yerinə yetirən Keyn müəyyənləşdirdi. Qonaqları iki epizodda tir və dirəyin xilas etdiyini nəzərə alsaq, 0:3 hətta belə oyun üçün yaxşı nəticədi... “Barselona” ilə “Benfika”nın yanvardakı duelində qapılara 9 qol vurulmuşdusa, budəfəki oyun tam başqa ssenari ilə keçdi. 22-ci dəqiqədə qonaqların gənc müdafiəçisi Kubarsi hədsiz sərt oyuna görə qarşısında birbaşa qırmızı vərəqə gördü.
Düzdü, Lissabondakı oyun Parisdəki qarşılaşma qədər təkqapı getmədi. Amma “Benfika” da eynilə PSJ kimi yaxşı fürsətləri boşa verdi. Şçensnı həmin gün sanki qol buraxmayacağına söz vermişdi. Mükəmməl performans sərgiləyən təcrübəli polşalı qapıçı oyunu 8 seyvlə tamamladı! “Benfika”dan fərqli “Barsa”ya qol vurmaq üçün yarım fürsət də kifayət etdi. 61-cı dəqiqədə Antonio Silvanın yanlış ötürməsini ələ keçirən Rafinya bir qədər irəlilədikdən sonra qapıya zərbə endirdi. Top yolüstü Otamendiyə də dəyərək tora daxil oldu. “Benfika”nın aramsız hücumlarına baxmayaraq, komanda evdə 70 dəqiqədən çox azlıqda oynayan bir rəqiblə bacara bilmədi!
Çempionlar Liqası, 1/8 final, ilk oyunlar
Feyenoord – İnter 0:2 (0:1)
Feyenoord (Rotterdam, Niderland): Vellenroyter, Mitçell, Beelen, Hantsko, Bueno, Moder, Small, Hac Mussa, Payşao, Osman, Karransa (Ueda, 59).
İnter (Milan, İtaliya): X.Martines, Dyumfris, Pavar, De Vrey (Bissek, 72), Açerbi, Bastoni, Zelinski, Asllani (Hakan Çalhanoğlu, 81), Barella (Frattezi, 72), Türam (Taremi, 62), L.Martines (Arnautoviç, 81).
Qollar: Türam, 38 (0:1). L.Martines, 50 (0:2).
65-ci dəqiqədə Zelinski penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Mitçell, 68. Vellenroyter, 71. Bastoni, 74. Osman, 76. Arnautoviç, 90+6 – sarı.
Hakim: Espen Eskos (Norveç).
5 mart. Rotterdam. 43789 tamaşaçı.
PSJ – Liverpul 0:1 (0:0)
PSJ (Fransa): Donnarumma, Hakimi, Markinyos, Paço, Mendeş, Vitinya, Neveş, Ruis (Zair-Emeri, 78), Kvaratsxeliya (Ramoş, 78), Barkola (Due, 66), Dembele.
Liverpul (İngiltərə): Alisson, Aleksander-Arnold, Konate, Van Diyk, Robertson, Makkalister, Qravenberx (Endo, 79), Salah (Elliot, 86), Soboslai, Dias (Cons, 67), Jota (Nunyes, 67).
Qol: Elliot, 87.
Vərəqələr: Markinyos, 38. Van Diyk, 70 – sarı.
Hakim: Davide Massa (İtaliya).
5 mart. Paris. 47511 tamaşaçı.
Bavariya – Bayer-04 3:0 (1:0)
Bavariya (Münhen, Almaniya): Noyer (Urbiq, 58), Laymer (Stanişiç, 58), Upamekano, Kim Min Ce (Dayer, 89), Devis, Kimmix, Qoretska (Palyinya, 89), Olise, Musiala, Koman (Sane, 68), Keyn.
Bayer-04 (Leverkuzen, Almaniya): Kovarj, Mukiele, Ta, Ermoso, İnkapye, Palasios, Caka (Qarsiya, 81), Frimponq (Artur, 81), Virts (Şik, 81), Qrimaldo (Buendia, 87), Adli (Tapsoba, 68).
Qollar: Keyn, 9 (1:0). Musiala, 54 (2:0). Keyn, 75-p. (3:0).
Vərəqələr: Laymer, 39. Mukiele, 39. Qoretska, 51. Tapsoba, 73. Ta, 74 – sarı. Mukiele, 62 – qırmızı (ikinci sarı).
Hakim: Maykl Oliver (İngiltərə).
5 mart. Münhen. 75000 tamaşaçı.
Benfika – Barselona 0:1 (0:0)
Benfika (Lissabon, Portuqaliya): Trubin, T.Arauxo (Dal, 57), A.Silva, Otamendi, Fernandes, Eursnes, Barreyro (Belotti, 70), Orkun Kökçü (Sanşeş, 84), Kərəm Aktürkoğlu, Şelderup (Reqo, 70), Pavlidis (Kabral, 84).
Barselona (İspaniya): Şçensnı, Kunde, Kubarsi, İ.Martines, Balde, Pedri, De Yonq (Kasado, 79), Yamal (Torres, 56), Olmo (R.Arauxo, 28), Rafinya, Levandovski (Martin, 78).
Qol: Rafinya, 61.
Vərəqələr: Barreyro, 45. İ.Martines, 45+2. A.Silva, 45+5. Reqo, 90+1 – sarı. Kubarsi, 22 – qırmızı.
Hakim: Feliks Svayer (Almaniya).
5 mart. Lissabon. 62437 tamaşaçı.
Bombardirlər: Girassi (Borussiya D) – 10, Levandovski, Rafinya (hər ikisi “Barselona”), Keyn (Bavariya) – 9.
Faktlar
* “Barselona”lı Kubarsi 18 yaş 42 günlüyündə meydandan qovulmaqla XXI əsrdə ÇL matçında qırmızı vərəqə alan ən gənc futbolçu oldu. Turnirin tarixində isə yalnız 1994-cü ildə “Anderlext”in heyətində Selestin Babayaro daha gənc yaşında (16 yaş 86 gün) qırmızı vərəqə alıb.
* Noyer ÇL-də yubiley – 150-ci oyununu keçirdi. O, bunların 138-ni “Bavariya”nın, 12-ni “Şalke-04”ün heyətində keçirib. Noyer bunların 61-də qapısını toxunulmaz saxlayıb və ümumilikdə 138 qol buraxıb.
* Keynin aktivində ÇL-də 38 qol, 10 məhsuldar ötürmə var. O, bu göstəricidə 48 bal toplamaqla Ueyn Runini geridə (47) qoydu və turnirin tarixində ingiltərəli futbolçular arasında 2-ci pilləyə yüksəldi. Siyahıya Devid Bekhem (52) başçılıq edir.
* Keyn ardıcıl 30-cü penaltini dəqiq yerinə yetirdi! O, bunlardan 21-ni “Bavariya”, 6-nı İngiltərə yığması, 3-nü “Tottenhem”in heyətində vurub. Keyn sonuncu dəfə DÇ-2022-nin 1/4 finalında Fransa ilə oyunda penalti qaçırıb.
* “Liverpul” bu mövsüm “böyük beşlik”də yer alan 5 ölkədən 4-nün çempionlarına qarşı keçirdiyi 4 oyunun hamısından qələbə ilə ayrılıb! Özü də komanda bu oyunlarda 11 qol vurduğu halda öz qapısından top buraxmayıb! Fransa çempionu PSJ-dən başqa “Liverpul” bu mövsüm iki dəfə İngiltərə çempionu “Mançester Siti”ni (2:0, 2:0), eləcə də İspaniya çempionu “Real”ı (2:0) və Almaniya çempionu “Bayer-04”ü (4:0) məğlub edib.
* Alisson “Liverpul”un heyətində ÇL-də 22-ci “quru” oyununu keçirdi. O, Pepe Reynanı (21) geridə qoyaraq klub tarixində ÇL-də ən çox “quru” oyun keçirən qapıçıya çevrildi.
* PSJ-nin 22 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı (18 qələbə, 4 heç-heçə). Komandanın son 10 məğlubiyyətindən 9-u ÇL-də qeydə alınıb!
* Lautaro Martines “İnter”in heyətində ÇL-də 53-cü oyunda 18-ci qolunu vurdu. Bununla da o, əfsanəvi Sandro Matsolanı (38 oyun, 17 qol) geridə qoyaraq klub tarixinin ÇK/ÇL-də ən məhsuldar oyunçusuna çevrildi. Bu siyahıda 3-cü pillədə Adriano (26 oyun, 14 qol) qərarlaşıb.
* “İnter” bu mövsüm ÇL-də keçirdiyi 9 oyunun 8-də, yəni 88,9 faizində qol buraxmayıb. ÇL tarixində bir mövsümdə ən azı 5 oyun keçirən klublar arasında heç kimin bu cür göstəricisi olmayıb.
* Van Persi 1978-ci ildən bəri “Feyenoord”un başında çıxdığı ilk iki rəsmi oyunda qol sevinci yaşamayan ilk məşqçidi! 47 il öncə bu hal çexiyalı Vatslav Yejekin başçılığı altında yaşanmışdı.
Oyundan sonra
Luis Enrike, PSJ-nin baş məşqçisi: