"Football-plus.az" xəbər verir ki, PSV Dortmundda pis təsir bağışlamasa da, “ağ bayraq qaldırmalı” oldu. “Atletiko” ilə “İnter”in dramatik duelində isə qalib penalti seriyasında müəyyənləşdi. Maraqlıdı ki, ÇL-də son 7 mövsümdə penalti seriyası olmamışdı. Amma bu dəfə 1/8 final birdən-birə iki penalti seriyasına səhnə oldu. Sonuncu dəfə bu turnirdə “futbol lotereyası” 2016-cı ilə “Real”la “Atletiko” arasındakı finalda yaşanmışdı. Yalnız “böyük beşlik” təmsilçilərinin mübarizəni davam etdirməsi diqqəti çəkir. Amma digər tərəfdən son 4 ildə 3-cü dəfə 1/4 finalda İtaliyanın heç bir klubu olmayacaq!
Atletiko – İnter 2:1 (1:1, 1:0, 0:0), p. – 3:2
Atletiko (Madrid, İspaniya): Oblak, Molina (Barrios, 79), Saviç, Vitsel, Ermoso, Lino (Rikelme, 71), Lyorente (Aspilikueta, 98), Koke, De Paul (Korrea, 71), Qrizmann (Saul, 106), Morata (Depay, 79).
İnter (Milan, İtaliya): Zommer, Dyumfris (Darmian, 73), Pavar, De Vrey, Bastoni (Açerbi, 73), Dimarko (Bissek, 84), Mxitaryan (Klassen, 111), Barella (Frattezi, 84), Hakan Çalhanoğlu, Türam (Sançes, 102), Martines.
Qollar: Dimarko, 33 (0:1). Qrizmann, 35 (1:1). Depay, 87 (2:1).
Penalti seriyası: H.Çalhanoğlu – 0:1. Depay – 1:1. Sançes – 1:1 (qapıçı). Saul – 1:1 (qapıçı). Klassen – 1:1 (qapıçı). Rikelme – 2:1. Açerbi – 2:2. Korrea – 3:2. Martines – 3:2 (üst).
Vərəqələr: Ermoso, 41. Koke, 89. H.Çalhanoğlu, 104. Açerbi, 105+2. Bissek, 118 – sarı.
Hakim: Şimon Marçinyak (Polşa).
13 mart. Madrid. 69196 tamaşaçı.
İlk oyun – 0:1.
2024-də keçirdiyi 13 rəsmi oyunun hamısında qalib gələn və ÇL-in son finalçısı statusunda olan “İnter” Madridə əla formada gəlmişdi. Ardıcıl 14-cü qələbə klub tarixinin yeni rekordu olacaqdı... “Atletiko” ilk dəqiqələrdən rəqib üzərində təzyiq qurmağa çalışsa da, komandanın erkən qol vurmaq planı baş tutmadı. Hazırda Avropa futbolunda pressinqdən çıxmaq və rəqib müdafiəsində boşluq tapmaq bacarığı baxımından ən güclülərdən olan “İnter” tədricən özünə gəlməyə başladı. 33-cü dəqiqədə qonaqlar dərsliklərə düşəcək gözəllikdə bir qol vurdular. Çoxgedişli kombinasiya zamanı “Atletiko”nun müdafiəsi sözün əsl mənasında pərən-pərən düşdü. Barellanın ötürməsindən sonra Dimarko yaxın məsafədən işlək olmayan sağ ayağı ilə topu tora göndərdi. Düşünmək olardı ki, son 6 rəsmi oyunda cəmi 1 qol buraxan “İnter” ən azı fasiləyə qədər rahat şəkildə qapısını toxunulmaz saxlayacaq. Amma qoldan cəmi 2 dəqiqə sonra Pavar kobud səhvə yol verərək topu Qrizmanna ötürdü və təcrübəli fransalı futbolçu bu “hədiyyədən” gözəl yararlandı. İkinci hissədə temp bir qədər aşağı düşdü. Qola ehtiyac duyan “hindular” Zommerin qapısı önündə ciddi fürsət yaxalaya bilmirdilər. 75-ci dəqiqədə Martineslə Türam iki nəfərə rəqib müdafiəsini tar-mar etsələr də, fransalı forvard əlverişli vəziyyətdən topu qapının üstündən vurdu. Sanki bu qeyri-dəqiqliyin komandasına baha başa gələcyini hiss edən İnzaqi bu epizoda çox əsəbləşdi. Əsas vaxtın bitməsinə 3 dəqiqə qalmış İnzaqinin və “İnter”sevərlərin qorxduqları başlarına gəldi. Moratanın yerinə meydana çıxan və oyuna əla qoşulan Depay Kokenin ötürməsindən sonra topu yerlə uzaq küncə göndərdi. Əsas vaxtın son saniyələrində Rikelme yüzfaizlik fürsəti boşa verməsəydi, heç əlavə vaxta ehtiyac olmayacaqdı. Əlavə vaxtın ən yaddaqalan hadisəsi Türamın Saviçin xayalarından yapışması oldu. Hakim bəlkə də epizodu VAR-dan izləsəydi, qaradərili futbolçuya qırmızı vərəqə göstərərdi. Təsadüfi deyil ki, İnzaqi bu epizoddan iki dəqiqə sonra onu əvəzlədi. Penalti seriyasının və gecənin qəhrəmanı isə Oblak oldu. Təcrübəli sloveniyalı qapıçı Sançeslə Klassenin zərbələrini dəf edərək yerli fanatlara inanılmaz sevinc bəxş etdi. Həlledici zərbə zamanı isə Lautaro topu xoşbəxt tribunalara göndərdi. Beləliklə, ÇL son finalçısını itirdisə, “Atletiko” birmövsümlük fasilədən sonra adını 1/4 finala yazdırdı.
oyunun statistikası
23 (9) qapıya (“çərçivə”yə) zərbə 15 (4)
5 künc zərbəsi 1
0 ofsayd 0
21 qayda pozuntusu 14
2(0) sarı (qırmızı) vərəqə 3(0)
48 topa sahibolma (faizlə) 52
Faktlar
* “Atletiko” doğma stadionunda ÇL-in pley-offu çərçivəsində keçirdiyi ardıcıl 17-ci oyunda uduzmadı (10 qələbə, 7 heç-heçə). Son məğlubiyyət 1996/97-nin 1/4 finalında “Ayaks”la oyunda qeydə alınıb (2:3). 2020/21-in 1/8 finalında “Atletiko” “Çelsi”yə qarşı ev oyununu (0:1) Buxarestdə keçirmişdi.
* Turnir ÇL adıyla keçiriləndən bəri “Atletiko” penalti seriyasında 3 qələbə qazanan ilk komanda oldu! Hər 3 qələbədə qapını Oblak qoruyub. Buna qədər Madrid nəhəngi penalti seriyasında 2015/16-nın 1/8 finalında PSV-dən, 2014/15-in 1/8 finalında “Bayer-04”dən üstün olmuşdu.
* “Atletiko” evdə İtaliya klublarına qarşı keçirdiyi son 10 oyunda 8-ci qələbəsini qazandı (1 heç-heçə, 1 məğlubiyyət).
* Simeone “Atletiko”nun başında ÇL-də 103-cü oyunda yubiley - 50-ci qələbəni bayram etdi. Turnirin tarixində yalnız 3 məşqçi – Aleks Ferqyuson (“Mançester Yunayted”, 102 qələbə), Arsen Venger (“Arsenal”, 83) və Xosep Qvardiola (“Mançester Siti”, 56) bir komanda ilə bundan daha çox qələbə qazanıb.
* ÇL-də “İnter”in iştirakı ilə keçən bir oyunda ilk dəfə əlavə vaxt oynanıldı. ÇK-da isə bu, yalnız bir dəfə baş vermişdi. “Neradzurra” 1971/72-nin yarımfinalında “Seltik”i penalti seriyasında mübarizədən kənarlaşdırmışdı.
Oyundan sonra...
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:
“Fanatlarımız məni növbəti dəfə heyran etdi. Həm stadionun girişində, həm də oyunboyu bizə verdikləri dəstək çox emosional və mükəmməl idi. La Liqanın son turunda “Kadis”ə məğlub olandan sonra bu matça çıxdıq. Oyundan öncə futbolçulara başa salmağa çalışırdım ki, artıq fanatlarımızdan nəsə gözləmək yox, onlara nəsə vermək zamanıdı. Bu stadiondakı zəfərlərimizdə fanatlarımız həmişə həlledici rol oynayır. Bu gün bir daha bütün dünya bunun şahidi oldu. Belə inanılmaz rəqibin öhdəsindən məhz onların sayəsində gəldik. Koke meydanda son damla tərinə qədər döyüşdü. Zədədən yeni qayıdan Qrizmann ayaqları imkan verdiyi qədər qaçdı. Depay sonradan meydana çıxaraq lazımi anda özünü göstərə bildi. Onu döyüşə atanda məhz buna ümid bəsləyirdim. Bəlkə kimsə düşünə bilər ki, ÇL-də ən güclü 8 klub sırasına düşmək asandı. Amma heç də belə deyil”.
Simone İnzaqi, “İnter”in baş məşqçisi:
“Təbii ki, hər birimiz çox üzgünük. Amma bütün “İnter” ailəsi komandanın bu mövsüm ÇL-dəki performansı ilə qürur duymalıdı. İkinci hissəni daha yaxşı keçirə bilərdik. Əlavə vaxtda sanki bizim enerjimiz daha çox idi. Amma təəssüf ki, bəzi səhvlərə yol verdik. Son vaxtlar qələbələri sıralayırdıq. Uduzmağa alışmamışıq. Dimarkonun qolundan sonra ümumi hesabda 2:0 öndə idik. Bunu nəzərə alanda mübarizəni dayandırmağımız bizi ikiqat üzür. Həmin qoldan sonra müdafiədə daha diqqətli oynamalıydıq. Başa düşürük ki, bu səviyyələrdə çox şeyi xırda detallar həll edir və hər an hər şey baş verə bilir. Bununla belə, oyunçularımı nədəsə günahlandıra bilmərəm. Onlar bu mövsümdəki çıxışı ilə öyünə bilər”.






