Türkiyə çempionatında bu mövsümkü çoxsaylı məşqçi istefalarına daha biri əlavə olunub.
''Football-plus.az'' xəbər verir ki, ''Bodrum'' Volkan Dəmirəl ilə yollarını ayırdığını açıqlayıb. Klubdan verilən rəsmi açıqlamada müqavilənin qarşılıqlı şəkildə ləğv olunduğu qeyd olunub.
''Bodrum'' son turda səfərdə ''Konyaspor''a 1:3 hesabı ilə uduzdu. Komandanın qələbəsiz seriyası 6 oyuna yüksəldi. Qeyd edək ki, tarixində ilk dəfə superliqada çıxış edən bu kollektiv mövsümə İsmət Taşdəmirin başçılığı altında başlamışdı. Amma bu mütəxəssisin qovulmasından sonra noyabrın 1-dən etibarən Volkan Dəmirəl baş məşqçi postuna gətirilmişdi. Komanda 43 yaşlı Dəmirəlin başçılığı altında keçirdiyi 13 rəsmi oyundan 2 qələbə, 4 heç-heçə, 7 məğlubiyyətlə ayrılmış oldu. Bu da hər oyuna 0,77 xal deməkdi.
''Bodrum'' hazırda 21 oyuna topladığı 16 xalla 17-ci pillədə, yəni düşmə zonasında qərarlaşıb. Hələ ki, boş qalmış vəzifəyə əsas namizəd Ərtuğrul Arslandı. 44 yaşlı Arslan son olaraq Dortmund ''Borussiya''sında Nuri Şahinin köməkçisi kimi çalışmışdı.
ƏLİ
Volkan Dəmirəlin bu klubda macərası qısa sürdü
Dünya futbolu






