İkinci dövrəyə “Mersin Arena”da start verildi.
“Hatayspor” ev oyunlarını məhz bu stadionda keçirir. “Qalatasaray”ın bu dəfə bu rəqibə qarşı qəribə səfər seriyasına son qoyacağını düşünmək olardı. Texniki qələbəni nəzərə almasaq, “Cim-Bom” buna qədər “Hatayspor”a qarşı keçirdiyi hər üç səfər oyununda uduzmuşdu! Qəribədi ki, bu dəfə də son çempion bu rəqibi səfərdə yenə bilmədi. Meydan sahiblərinin fasiləyə öndə yollandığı qarşılaşmada İstanbul nəhəngi 2-ci hissənin əvvəllərində Osimhenlə bərabərlik qolunu vurdu. Amma final fitinə qədər olan təxminən 40 dəqiqəlik müddətdə qonaqlar heç cür qələbə qolunu vura bilmədilər. Rəqib meydanlarındakı möhtəşəm qələbə seriyası qırılan “Qalatasaray” “Hatayspor”u superliqada 4-cü səfər oyununda da məğlub edə bilmədi (3 qələbə, 1 heç-heçə)! “Hatayspor” Türkiyə çempionatı tarixində “Qalatasaray”ın səfərdə ən azı 2 dəfə qarşılaşıb məğlub edə bilmədiyi cəmi iki komandadan biridi (digəri “Balıkəsirspor”du, 2 oyun, 2 məğlubiyyət). Bu həm də Murat Şahinin “Hatayspor”un başında debüt oyunu idi. Sonuncu dəfə yeni klubundakı debüt oyununda “Qalatasaray”dan xal almağı bacaran məşqçi 2020-nin noyabrında “Kayserispor”un başında Samet Aybaba olmuşdu. Son 10 rəsmi oyunun heç birində qapısını toxunulmaz saxlaya bilməyən “Qalatasaray”ın məğlubiyyətsiz seriyası 24 matça çatdı (17 qələbə, 7 heç-heçə).
Şənbə günü keçirilən oyunlar məhsuldar alınmadı. “İstanbul BŞ” “Çaykur Riəzspor”u evə iki cavabsız qolla yola saldı. “Bodrum”la qolsuz bərabərə qalan “Qaziantep”in superliqa çərçivəsində evdəki 6 oyunluq qələbə seriyası qırıldı. Turun mərkəzi oyunu “Tüpraş Stadionu”nda keçirildi. “Beşiktaş” “Samsunspor”u yenəcəyi təqdirdə tura 3-cü pillədə daxil olan bu rəqiblə xal fərqini 3-ə endirəcəkdi. Amma yeni baş məşqçi Ole-Qunnar Sulşerin tribunadan izlədiyi oyunda “Qartal” bir baş üstün oynamasına baxmayaraq, heç cür rəqibin müqavimətini qıra bilmədi. Hətta qonaqların 64-cü dəqiqədən etibarən azlıqda qalması da “ağ-qaralar”ın işinə yaramadı. “Beşiktaş” oyunboyu 7 real qol fürsətini əldən verdi! “Samsunspor” bu mövsüm səfərdə 10-cu superliqa matçında 6-cı (!) dəfə qapısını toxunulmaz saxladı. Bu da onu göstərir ki, komandanın 3-cü pillədə qərarlaşması heç də təsadüfi deyil.
Aleksin yerinə baş məşqçi postuna gətirilən Əmrə Belözoğlunun “Antalyaspor”un başında debüt oyunu uğursuz alındı. Komanda İzmirdə “Göztəpə”yə minimal hesabla boyun əydi. “Göztəpə”nin evdəki möhtəşəm seriyası davam etdi. Komanda fanatları önündə ardıcıl 9-cu rəsmi oyunda qalib gəldi! “Eyüpspor” səssiz-sədasız şəkildə yuxarı pillələrə yüksəlməkdə davam edir. Arda Turanın komandası bu dəfə evdə “Alanyaspor”u darmadağın etdi. “Konyaspor”la “Kasımpaşa”nın dueli isə gözlənilmədən “qol yağışı”na səhnə oldu. Bu mövsüm səfərdə cəmi bir məğlubiyyəti olan “Kasımpaşa” 3 dəfə hesabda geri düşməsinə baxmayaraq, 1 xal qazanmağı bacardı. Mövsümün aşkar autsayderi “Adana Dəmirspor”la qarşılaşan “Fənərbaxça”nın əlinə “Qalatasaray”la xal fərqini azaltmaq üçün gözəl fürsət düşmüşdü. Meydan sahibləri ilk yarıda birtəhər qapını toxunulmaz saxlamağı bacardılar. Bir epizodda onları tir xilas etdisə, Ən-Nəsirinin qolu zamanı VAR işə qarışaraq qayda pozuntusu qeydə aldı. “Adana Dəmirspor” 2-ci hissənin əvvəllərində Yusuf Barasinin qırmızı vərəqə alması ilə azlıqda qaldı. Çox keçmədən “Fənər”in daha bir qolu qeydə alınmadı. Belə bir vacib məqamda Mourinyonun əvəzetmələri komandanın dadına çatdı. Tadiç meydana çıxandan sonra 5 dəqiqə ərzində hesabına iki məhsuldar ötürmə yazdı! Hər iki halda Ən-Nəsiri fürsəti boşa vermədi. İstanbul nəhəngi oyun intizamından qopan və müdafiədə böyük boşluqlar verən rəqibın qapısına qalan müddətdə daha iki qol vurdu. Ceko hesabı darmadağın həddinə çatdırdısa, Cenk Tosun da, nəhayət, “Fənər”də qol hesabını açmağa müvəffəq oldu. “Fənərbaxça” ötən mövsümün startından bəri səfərdə ən çox xal (75) toplayan və ən çox qol (70) vuran komandadı. Beləliklə, ikinci dövrənin startı zirvədə xal fərqinin 8-dən 6-ya enməsi ilə əlamətdar oldu.
20-ci tur
Hatayspor – Qalatasaray 1:1
Cemali Sertel, 28 – Osimhen, 56-p.
Qalatasaray: Muslera, Kaan Ayhan (Kərəm Dəmirbay, 46), Sançes, Abdulkadir Bardakcı (Şallai, 46), Yakobs, Berkan Kutlu, Torreyra (Batşuayi, 82), Yunus Akgün, Mertens (Yusuf Dəmir, 88), Barış Alpər Yılmaz (Yelert, 90+5), Osimhen.
Adana Dəmirspor - Fənərbaxça 0:4
Ən-Nəsiri, 69; 71. Ceko, 74. Cenk Tosun, 90+1.
Fənərbaxça: İrfan Can Eğribayat, Mərt Müldür, Ciku (Çağlar Söyüncü, 46), Levent Mercan, Oğuz Aydın (Tadiç, 66), Fred, Şimanski, Kostiç (Osayi-Samuel, 46), İrfan Can Kahveci (Amrabat, 73), Ceko (Cenk Tosun, 76), Ən-Nəsiri.
Beşiktaş – Samsunspor 0:0
Beşiktaş: Mərt Günok, Svensson, Əmirhan Topçu, Uduoxay, Masuaku, Əl Musrati (Semih Kılıçsoy, 82), Fernandeş, Rafa Silva, Mario (Muçi, 60), Raşitsa, İmmobile.
Trabzonspor – Sivasspor 4:0
Bataqov, 6. Banza, 13. Tufan, 31. Landstrem, 86.
İstanbul BŞ – Çaykur Rizəspor 2:0
Fiqeyredo, 21-p. Ömər Əli Şahinər, 90+11.
İstanbul BŞ: Muhammed Şengezər, Həmzə Gürələr (Lima, 42), Opoku, Ba, Onur Ərgün (Berat Özdəmir, 72), Krespo, Kemen, Dəniz Türüc (Ömər Əli Şahinər, 90), Davidson, Fiqeyredo (Calo, 90), Keni.
Eyüpspor – Alanyaspor 3:0
Robin Yalçın, 45+2. Əmrə Akbaba, 65-p. Tiam, 75.
Göztəpə - Antalyaspor 1:0
Juan, 8.
Konyaspor – Kasımpaşa 3:3
Kramer, 20; 63. Umut Nayır, 82 – Brekalo, 53. Gökhan Gül, 70. Barak, 87.
Qaziantep – Bodrum 0:0
1. Qalatasaray 19 16 3 0 52-22 51
2. Fənərbaxça 19 14 3 2 49-18 45
3. Samsunspor 19 11 4 4 32-18 37
4. Göztəpə 19 10 4 5 38-23 34
5. Eyüpspor 19 9 6 4 32-19 33
6. Beşiktaş 19 8 7 4 28-20 31
7. İstanbul BŞ 19 8 5 6 31-25 29
8. Qaziantep 19 7 5 7 25-26 26
9. Trabzonspor 19 6 7 6 34-24 25
10. Çaykur Rizəspor 19 7 3 9 19-29 24
11. Alanyaspor 19 5 7 7 19-24 22
12. Kasımpaşa 19 4 10 5 27-33 22
13. Konyaspor 19 5 6 8 24-31 21
14. Antalyaspor 19 6 3 10 21-38 21
15. Sivasspor 19 5 5 9 21-32 20
16. Bodrum 19 4 4 11 14-25 16
17. Kayserispor 18 3 7 8 17-34 16
18. Hatayspor 19 1 7 11 17-32 10
19. Adana Dəmirspor (-3) 19 2 2 15 15-42 5
Bombardirlər: Pyontek (İstanbul BŞ), Banza (Trabzonspor) – 13, Osimhen (Qalatasaray), Tiam (Eyüpspor) – 11, İmmobile (Beşiktaş), Ceko, Ən-Nəsiri (hər ikisi “Fənərbaxça”), Barış Alpər Yılmaz (Qalatasaray) – 10.
Turun rəqəmi
1 – “Qalatasaray” bu mövsüm ilk dəfə səfərdə xal itirdi və komanda superliqada rəqib meydanlarında təxminən birillik fasilədən sonra ilk dəfə büdrədi. “Cim-Bom” bu müddətdə səfərdə ardıcıl 17 qələbə qazanmaqla Türkiyə çempionatının yeni rekordunu müəyyənləşdirdi. İstanbul nəhəngi səfərdə son xal itkisini ötən il yanvarın 11-də Sivasda yaşamışdı (1:1).
Turun ulduzu
Yussef Ən-Nəsiri (Fənərbaxça) – Türkiyə macərasının ilk ayları tanınmış forvard üçün çətin keçsə də, son aylarda əla sürət yığıb. “Fənərbaxça” tarixinin ən bahalı transferi statusunda olan 27 yaşlı mərakeşli hücumçu komanda üçün elə də asan keçməyən Adana səfərində yenə önəmli qollar vurdu. Məhz onun sayəsində İstanbul nəhəngi rəqibin müqavimətini qıra bildi. O, son 6 rəsmi matçın yalnız 1-də meydanı qolsuz tərk edib və bu müddətdə 8 dəfə fərqlənib! Yeri gəlmişkən, bu mövsüm baş zərbələri ilə superliqada “Fənər” ən çox (10) qol vuran komanda, Ən-Nəsiri isə ən çox (6) qol vuran futbolçudu.
Turun sitatı
Yüksəl Yıldırım, “Samsunspor”un baş məşqçisi: