“Qurban Qurbanov da qərarları ədalətli sayırsa, bununla razılaşmalıyıq”
Artıq bir neçə gündən sonra 2017/18 “futbol ili” başa çatır. Məhz bu ərəfədə meydanda agentlər “top qovur”. İsti yay günlərində onlar futbolçular və klublarla danışıqlar aparır, bir ölkədən başqa ölkəyə səfər edərək axtardığını tapmağa çalışır. Erkin İbrahimov isə deyəsən, artıq indidən “qollarını çırmalayıb”. İbrahimov bugünlərdə Çexiya və Slovakiyaya səfər edib. Onunla əlaqə saxlayıb, həm səfərinin məqsədi, həm də bizi maraqlandıran başqa mövzular ətrafında söhbətləşdik.
- Mövsüm artıq başa çatmaq üzrədi. 2017/18 “futbol ili”ni dəyərləndirməyini istərdim.
- Hələ qarşıda bizi premyer-liqanın son turu və ölkə kubokunun finalı gözləyir. Avrokuboklara yollanan qatarın son sərnişinləri də məlum olandan sonra nəsə demək mümkündü. Məsələn, “Sumqayıt” bunu bacarsa, bu bir tarix olacaq. Hər klubun qarşısına çempionatda bir hədəf qoyulur. Kimin məqsədə çatdığı, kimin çatmadığı qarşıdakı günlərdə bəlli olacaq. Məncə, bir qədər gözləmək lazımdı.
- Bu sualı sənə təsadüfən vermədim. Mövsüm başa çatmasa da, sən artıq sosial şəbəkədə elitada çalışan üç məşqçinin işini itirəcəyini yazmısan. Belə çıxır ki, artıq hər şeyə aydınlıq gəlməsə də, çox şey bəllidi...
- Futbol camiəsi ilə daim ünsiyyətdə olduğumdan mənə belə xəbərlər daha tez çatır. Məşqçilərlə bağlı yazdıqlarım da dəqiq məlumatdı. Elə məqamlar var ki, adam özü təhlilər apararkən nəyisə ortaya çıxarır. Ancaq elə də olur ki, bu məlumatı sənə ötürürlər. İndi elə durumdu ki, bütün xırdalıqları açıb-ağarda bilmirəm. Son turu nəzərə almaq lazımdı. Sonra həmin mütəxəssislər deyəcəklər ki, mətbuatda gedən yazılara görə istədiyimizə nail ola bilmədik. Onsuz da bizim məşqçilər heç vaxtı səhvi özlərində görmürlər. Hər dəfə bir bəhanə tapıb məsuliyyəti başqasının üstünə yıxırlar.
- Səncə, belə kütləvi məşqçi dəyişikliyini şərtləndirən səbəblər nədi?
- Bu mənə də maraqlıdı. 7-8 il öncə mövsümlərarası fasilədə 5-6 məşqçinin işini itirməsi normal qəbul olunurdu. Çünki klublarımız pula-pul demirdi. Bu səbəbdən də məşqçiləri əlcək kimi dəyişmək dəb halını almışdı. Futbolumuzda maddi cəhətdən durğunluq yaşanandan isə bu yöndə sabitlik yaranmışdı. Elə mövsüm olmayıb ki, çox sayda məşqçi dəyişikliyinə şahidlik edək. Ancaq bu yay deyəsən, istisna olacaq. Bunu şərtləndirən səbəbləri mən də bilmirəm.
- Agent kimi heç şübhəsiz, səni daha çox “transfer bazarı” maraqlandırır. Yayda klublarımızdan səs-küylü keçidlər gözləməyə dəyər?
- İstər-istəməz dəyişikliklər olacaq. Açığı, gözləyirəm. Adətən, məşqçi qalanda rəhbərlik etdiyi kollektivdə də çox dəyişiklik olmur. Ancaq qeyd etdiyim kimi, bu yay azı üç mütəxəssis işini itirəcək və onların da əvəzinə yenisi gələcək. Yeni çalışdırıcı isə yeni futbolçular deməkdi. Hər kəs öz komandasını qurmağa çalışacaq. Bizdə də “Qarabağ”ı çıxmaq şərti ilə əksər klublar futbolçu ilə birillik müqavilə imzalayır. Yalnız Ağdam təmsilçisi oyunçuya 2-3 illik anlaşma təklif edir. Başqalarında yeni simaların görünməsi qaçılmazdı. Onu da qeyd edim ki, növbəti mövsümdə elitada yeni komanda olacaq. Fürsətdən istifadə edib “Sabah” rəhbərliyini təbrik etmək istəyirəm. O klubda çalışanları yaxşı tanıyıram. Həmişə istəmişəm ki, futbolumuza məhz bu cür adamlar gəlsin. Futbolu təmənnasız sevən və dürüst. Belələrinin sayı nə qədər çox olsa, bir o qədər yaxşıdı. Mediada yazırlar ki, AFFA “Sabah”a da maliyyə yardımı edəcək. Halbuki bunun heç bir əsası yoxdu. Mövsümün əvvəlində komandanın qarşısına elitaya yüksəlmək vəzifəsi qoyulmuşdu. Klubun öz maliyyə dayaqları var. Bunu baş məşqçi dəyişikliyindən də hiss etmək mümkündü.
- “Sabah”dan söz düşmükən, bu klubun premyer-liqaya yüksəlməsini ictimaiyyət heç də birmənalı qarşılamadı. “Xəzər” aşağı dəstənin çempionu olmasına baxmayaraq, kənarda qaldı.
- Açığı, bu məsələ ilə bağlı status yazmaq fikrindəydim. Siz ki bu mövzuya toxunduz, elə fikirlərimi sizə bildirim. Hər bir klubun apellyasiya vermək hüququ var. Sabah artıq son gündü. “Xəzər” bu hüquqdan niyə yararlanmadı? Və yaxud başqa bir nümunə çəkim. Hamının xətrini çox istədiyi Qurban Qurbanov belə qərara etiraz etməyib. Niyə? Elitada 10 komandanın olmasında ən çox maraqlı olan Qurban bəy idi. İcraiyyə Komitəsinin iclasından bir həftə öncə mətbuata verdiyi müsahibə bildirmişdi ki, premyer-liqada 10 komanda olmalıdı. Onu da əlavə etmişdi ki, bunun üçün əlindən gələni edəcək. “Kəpəz” getdi, “Xəzər” premyer-liqaya buraxılmadı. Ancaq Qurbanov etirazını bildirmədi. Qurban bəy bu gün bizə tək yığmanın çalışdırcısı, Şəhriyar Rəhimova dəvət göndərən və ya milliyə yeni taktika aşılayan mütəxəssis kimi lazım deyil. Dünya futbolunda ondan qat-qat savadlı məşqçilər var. Biz ondan başqa şey umuruq. O bizim üçün artıq həm futbol bilicisi, həm də ədalət qoruyucusu kimi bir etalona çevrilib. Qurbanov bir növ futbol cəngavərimizdi. Fikrimcə, qəbul edilən qərarlarda cüzi də olsa, hansısa kluba qarşı haqsızlıq edilsəydi, o millinin baş məşqçisi, İcraiyyə Komitəsinin üzvi kimi mövqeyini ortaya qoyardı. Qurban Qurbanov da qərarları ədalətli sayırsa, bununla razılaşmalıyıq. O da Kazbek Tuayev, Vaqif Sadıqov və ya bəzi başqa veteranlarımız kimi deyil ki. Mən bizim idman mediasını başa düşə bilmirəm. Hər şey sanki kampaniya xarakteri daşıyır. Bir gün hədəf Elxan Məmmədov seçilir və hamı onun üstünə gedir. Ertəsi gün Ramin Musayevi qaralayırlar və yenə də hamı bir nəfər kimi onun üstünə tökülür. Bu məsələdə AFFA-nı qınamaq mümkün deyil. Yenə deyirəm, orda kiməsə haqsızlıq olsaydı, Qurban bəy sinəsini qabağa verib, haqqın tərəfində dayanardı. Onun komitə üzvü kimi bizim bilmədiyimiz bəzi nüanslardan xəbəri var. Bilirsiz ki, lisenziyalaşdırma prosesində bəzən elə sənədlər olur ki, onlar geniş publikaya açıqlanmır. Görünür, Qurbanov həmin sənədlərlə tanış olub və “Xəzər”in çatışmazlıqlarını görüb. Mən də onun tərəfdarıyam ki, premyer-liqada 8 komanda olsun, ancaq sabit və davamlı çıxış etsin. Klubla futbolçular arasında problem yaşanmasın, uşaq futboluna diqqət ayrılsın. Gəncəyə bağlı olan biri kimi “Kəpəz”in elitanı tərk etməsi mənə də pis təsir etdi. Və yaxud “Xəzər”in sponsorunu çox yaxşı tanıdığımdan istərdim ki, belə insanlar futbolda olsun. Təəssüf ki, bu illər ərzində Gəncəbasar zonasında bir nəfər də olsun, ortaya çıxıb kluba sahib durmadı. Və ya ehtiyacların müəyyən qismini qarşılamadı. Çox istərdim ki, “Kəpəz” elitada qalsın. Amma 9 komandalı çempionatın keçirilməsi də absurddu.
- “Xəzər”in sponsorunu tanıdığını bildirdin. Kimdi o şəxs və niyə üzə çıxmır?
- Üzdə olmağı xoşlamayan insanlar var. Yəqin o da belələrindəndi. Ancaq bilirəm ki, futbolu çox sevir və “Xəzər”ə şəxsi pulunu xərcləyib. Bəzi mətbu orqanlar “Xəzər”in də SOCAR-dan maliyyələşdiyini yazır. Heç şübhəsiz, belə yalan informasiyalar iş adamına pis təsir edir. Bir dəfə PFL prezidenti Ramin Musayev müsahibələrinin birində iş adamlarının futbola yatırım etməməsinin günahının mediada olduğunu bildirmişdi. Həmin vaxt onun sözlərini populist çıxış kimi dəyərləndirib öz-özümə gülmüşdüm. Açıq deyirəm, bu gün ona haqq qazandırıram. Yalan məlumatlar, xoşagəlməz yazılar istər-istəməz iş adamlarına təsir edir. Düşünür ki, öz pulumu xərclədiyim halda bunu başqasının adına çıxırlar. Adam mövsüm ərzində 500-600 min manat xərclədi. Ancaq bizim media onu baltalayıb ictimaiyyətə yanlış xəbər ötürür. Ondansa, “Mil-Muğan”dan, “Ağsu”dan yazın, onların nə işlərdən çıxıdıqlarını araşdırın.
- Belə mühitin formalaşmasında həmin şəxsin də günahı var. Hər halda, ortaya çıxıb açıqlama versəydi, özünü tanıtdırsaydı, vəziyyət bu həddə çatmazdı.
- Heç bir klub prezidentinin və ya sponsorun ictimaiyyət qarşısında belə öhdəliyi yoxdu. O maliyyəni ayırır və bütün işləri klubda güvəndiyi adamlara tapşırır. Onlar da hər şeyi düz edirsə, sponsorun danışmasına ehtiyac yoxdu.
- “Xəzər”də hər şey düz idisə, niyə lisenziya ala bilmədi?
- Bu artıq başqa mövzudu.
- Bildiyim qədər bu yaxınlarda Çexiya və Slovakiyaya səfər etmişdin. Səfərinin məqsədini bilmək istərdim.
- Çexiya və Slovakiyada klublar, futbol adamları ilə əlaqələrim var. Çalışıram ki, mövsümlərarası fasilədə kimlərisə ora aparım. Getsinlər, oynasınlar, inkişaf etsinlər. Pafoslu səslənsə də, ölkə futboluna xeyir vermək istəyirəm. Onsuz da orda elə maaş verilir ki, agentin futbolçunun keçidindən nəsə qazanması qeyri-mümkündü. Ancaq bizdə gənc futbolçularla bağlı tətbiq olunan limit işimizə mane olur. Avropada 23-24 yaşlı oyunçuya yaşı ötmüş kimi baxırlar. Əsasən 21 yaşa kimi oyunçularla maraqlanırlar. Ancaq bizdə həmin yaşda 15-20 perspektivli futbolçu var ki, onları da limit səbəbindən klublar heç hara buraxmaq istəmir. İki-üç potensiallı gənci “qaralamışam”. Görək necə olur... Açığı, azərbaycanlı futbolçu texnikasına görə nə braziliyalıdı, nə də fiziki göstəricilərinə görə afrikalı. Heç gürcü də deyil. Gürcü agent gənc həmyerlisini təklif edəndə, ona daha çox maraq göstərirlər, nəinki bizimkinə. Bundan başqa, gürcülərə Avropa Birliyi müəyyən güzəştlər tətbiq etdiyindən onların sənədləşmə işi də asan başa gəlir. Bizdən fərqli, qonşularımıza işçi vizasını bir həftəyə verirlər. İlk baxışdan belə detallar xırda şey kimi görünsə də, transfer zamanı sözünü deyir.
RƏŞAD