Aleksin çalışdırdığı “Antalyaspor” yüksəlişini davam etdirir. Antalya təmsilçisi turun açılış oyununda “Sivasspor”u yenərək son 4 turda 3-cü qələbəsini qazandı.
Mövsümün aşkar autsayderi “Adana Dəmirspor” Mustafa Dalcının debüt oyununda “Konyaspor”a yaxşı müqavimət göstərsə də, yenə xal qazana bilmədi. Yeri gəlmişkən, ötən mövsümü də nəzərə alsaq, “Adana Dəmirspor” Türkiyə çempionatı tarixində ardıcıl 10 ev oyununda uduzan ilk komanda oldu! Əla mövsüm keçirən “Samsunspor” debütant “Bodrum”u darmadağın etdi. Ötən tur səfərdə “Beşiktaş”a 4 qol vuran “Göztəpə” bu dəfə özü “İstanbul BŞ”dən 4 top buraxdı. Bu nəticəni sürpriz saymaq olar. Çünki kəskin enişdə olan başakşəhərlilərin son 10 rəsmi oyunda qələbəsi yox idi və hətta Çağdaş Atanın istefası da gündəmdə idi. “Trabzonspor” isə o qədər bərbad mövsüm keçirir ki, bu komandanın məğlubiyyəti artıq heç kimi təəccübləndirmir.
“Alanyaspor” səfərində erkən qol vurmasına baxmayaraq komanda sonda nəinki 3, heç 1 xal da qazana bilmədi. “Trabzonspor” ötən mövsüm önə keçdiyi qarşılaşmalarda yalnız 8 xal itirmişdisə, bu mövsüm artıq indidən belə oyunlarda 11 xal itirib. “Bordo-mavililər” superliqa tarixində ikinci dəfə mövsümün ilk 7 səfər oyununu qələbəsiz başa vurdular (4 heç-heçə, 3 məğlubiyyət). Daha öncə bu hal yalnız 1985/86-da yaşanmışdı.
Bazar günü iki qarşılaşma baş tutdu. “Kayserispor”u darmadağın edən “Çaykur Rizəspor” son 5 turda 4-cü qələbəsini qazandı. Elitada ilk mövsümünü keçirməsinə baxmayaraq, çox yaxşı təsir bağışlayan Arda Turanın “Eyüpspor”u “Qalatasaray”ın qonağı oldu. Arda “Rams Park”da böyük alqışlar və gül-çiçəklə qarşılandı. “Eyüpspor” son çempiona layiqincə müqavimət göstərərək uğurlu nəticələrinin təsadüf olmadığını göstərdi. “Qalatasaray”ın sabiq futbolçusu Əmrə Akbaba erkən qolla qonaqları önə keçirsə də, meydan sahibləri 2-ci hissənin əvvəllərində artıq hesabda irəlidəydi. Hər kəs “Cim-Bom”un fərqi artıracağını və növbəti asan qələbəsini qazanacağını düşünsə də, belə olmadı. Qanalı yarımmüdafiəçi Ampemin superliqadakı ilk qolu qonaqları məğlubiyyətdən xilas etdi. “Qalatasaray”ın debütantlara qarşı 15 oyunluq qələbə seriyası qırıldı. Arda isə debtünat komandanın başında Okan Burukun “Qalatasaray”ından xal alan ilk məşqçi oldu.
İstanbulun digər nəhəngləri dünən meydana çıxdı. ''Beşiktaş'' müvəqqəti məşqçi Sərdar Topraktəpənin başçılığı altında Rza Çalımbayın ''Hatayspor''unun qonağı oldu. Psixoloji cəhətdən yaxşı durumda olmayan ''Qartal'' yenə fanatlarını sevindirə bilmədi. İlk yarıda vurulan qarşılıqlı qollarla oyun 1:1-lik bərabərliklə yekunlaşdı. ''Ağ-qaralar''ın superliqada qələbəsiz seriyası 5 oyuna yüksəldi. Komandanın sonuncu dəfə çempionatda bundan daha uzun qələbəsiz seriyası 2012-də olub. Çalımbayın komandaları ''Beşiktaş''a qarşı son 9 ev oyununun 7-də ən azı 1 xal qazanmağa müvəffəq olub.
''Fənərbaxça'' isə yaxşı formada olan ''Qaziantep''i qəbul etdi. Son 4 turun 3-də qalib gələn Antep təmsilçisi ''Fənər''in də əsəbləri ilə oynamağı bacardı. Hər halda, 72-ci dəqiqəyə qədər hesab bərabər idi. Amma ''Qalatasaray''ın xal itirdiyi turda büdrəmək istəməyən Joze Mourinyonun komandası son anlarda rəqibi “ağ bayraq qaldırmağa” məcbur etdi. Superliqada 16-cı oyunda ilk dəfə fərqlənən mərkəz müdafiəçisi Bekao qələbə qolunu vurdusa, Ceko yekun nəticəni müəyyənləşdirdi. Ardıcıl 5-ci qələbəsini qazanan ''Fənər'' zirvə ilə xal fərqini 3-ə endirdi. Qeyd edək ki, Mourinyo karyerasında sonuncu dəfə çempionatda 5 oyunluq qələbə seriyasını 2018-in fevral-aprelində ''Mançester Yunayted''in başında yaxalayıb.
14-cü tur
Qalatasaray – Eyüpspor 2:2
Barış Alpər Yılmaz, 45+5. Şallai, 47 – Əmrə Akbaba, 13. Ampem, 71.
Qalatasaray: Muslera, Barış Alpər Yılmaz (Yelert, 85), Metehan Baltacı, Sançes, Əbdülkərim Bardakcı (Berkan Kutlu, 39), Şallai, Torreyra, Sara (Kərəm Dəmirbay, 85), Mertens (Ziyeş, 85), Yunus Akgün (Batşuayi, 73), Osimhen.
Fənərbaxça - Qaziantep 3:1
Oğuz Aydın, 3. Bekao, 78. Ceko, 90 - Okereke, 41.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel (Şimanski, 66), Bekao, Samet Akaydın, Kostiç, Fred, İsmayıl Yüksək (Amrabat, 46), İrfan Can Kahveci (Sen-Maksimen, 46), Tadiç (Mərt Müldür, 80), Oğuz Aydın, Ən-Nəsiri (Ceko, 66).
Hatayspor - Beşiktaş 1:1
Görkəm Sağlam, 29 İmmobile, 41.
Beşiktaş: Mərt Günok, Svensson, Əmirhan Topçu, Tayyib Sanuc (Zaynutdinov, 85), Masuaku, Fernandeş, Salih Uçan (Can Keleş, 84), Raşitsa (Əl Musrati, 65), Silva, Semih Kılıçsoy (Oksleyd-Çemberleyn, 78), İmmobile.
Alanyaspor – Trabzonspor 2:1
Hadercyonay, 44-p. Auqusto, 50 – Draquş, 8.
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Hüseyn Türkmən, Bataqov, Arif Boşluk (Ərən Elmalı, 65), Mendi (Poyraz Yıldırım, 85), Umut Günəş (Lundstram, 62), Cihan Çanak (Visça, 46), Çam, Draquş (Enis Destan, 62), Banza.
İstanbul BŞ - Göztəpə 4:1
Davidson, 8. Pyontek, 10; 43. Dəniz Türüc, 37 – Lima, 61-öz qapısına.
İstanbul BŞ: Muhammed Şengezər, Duarte, Ba, Opoku, Lima, Onur Ərgün (Pelkas, 88), Kemen (Berat Özdəmir, 88), Krespo, Dəniz Türüc (Şiş, 82), Davidson (Fiqeyredo, 77), Pyontek (Keni, 82).
Adana Dəmirspor – Konyaspor 0:1
Yevtoviç, 78.
Antalyaspor – Sivasspor 2:1
Safuri, 40. Veysəl Sarı, 66 – Koyta, 43.
Çaykur Rizəspor – Kayserispor 3:0
Əmrəcan Bulut, 41. Sou, 71; 81.
Samsunspor – Bodrum 4:0
Van Drongelen, 6. Muandilmaci, 51; 55. Sonər Aydoğdu, 90+3.
1. Qalatasaray 13 11 2 0 35-13 35
2. Fənərbaxça 13 10 2 1 36-12 32
3. Samsunspor 14 9 2 3 29-14 29
4. Eyüpspor 14 6 5 3 21-15 23
5. Beşiktaş 13 6 4 3 22-15 22
6. Göztəpə 13 6 3 4 24-19 21
7. İstanbul BŞ 13 5 4 4 21-18 19
8. Çaykur Rizəspor 13 6 1 6 15-20 19
9. Sivasspor 14 5 3 6 18-22 18
10. Konyaspor 14 5 3 6 16-21 18
11. Antalyaspor 13 5 2 6 17-25 17
12. Trabzonspor 13 3 6 4 18-16 15
13. Qaziantep 13 4 3 6 19-21 15
14. Kasımpaşa 13 3 6 4 16-19 15
15. Alanyaspor 13 3 5 5 12-16 14
16. Kayserispor 13 2 6 5 13-25 12
17. Bodrum 14 3 2 9 10-21 11
18. Hatayspor 13 1 5 7 12-20 8
19. Adana Dəmirspor 13 0 2 11 9-31 2
Bombardirlər: İmmobile (Beşiktaş) - 9, Banza (Trabzonspor), Pyontek (İstanbul BŞ), Ceko (Fənərbaxça) – 8.
Növbəti turun oyunları dekabrın 6-9-u aralığında keçiriləcək: Beşiktaş - Fənərbaxça, Eyüpspor – Samsunspor, Qaziantep - Çaykur Rizəspor, Göztəpə - Adana Dəmirspor, İstanbul BŞ – Hatayspor, Kayserispor – Alanyaspor, Konyaspor – Antalyaspor, Sivasspor – Qalatasaray, Trabzonspor – Kasımpaşa.
Turun rəqəmi
3 – 2021/22-nin çempionu “Trabzonspor”un vəziyyəti turdan-tura daha da qəlizləşir. Şenol Günəş kimi bir təcrübəli məşqçinin varlığına baxmayaraq, komanda heç cür sabitlik yaxalaya bilmir. Bu tur “Alanyaspor”a uduzmaqla qaradənizlilər 13-cü oyunu 3 qələbə, 6 heç-heçə, 4 məğlubiyyət göstəricisi ilə tamamladı. Orta hesabla hər oyuna yalnız 1,15 xal qazanan “Trabzonspor”un bu mövsüm qazandığı (15) xal itirdiyi (24) xaldan daha çoxdu. Ən əsası komanda tarixində ilk dəfə 13-cü oyunu cəmi 3 qələbə ilə başa vuraraq antirekordunu yenilədi.
Turun ulduzu
Berke Özər (Eyüpspor) – iki qol buraxmasına baxmayaraq, debütantın qapıçısı qarşılaşmaya damğa vurdu. 24 yaşlı əlcək sahibi son çempionla oyunda “çərçivəyə” gələn 14 zərbədən 12-ni dəf etdi. Daha öncə “Fənərbaxça”da da forma geymiş Berke 12 seyv ilə həm karyerasının, həm də mövsümün rekordunu qırdı! Məhz onun bu performansı sayəsində “Qalatasaray” 4,35 qol gözləntisi (xG) yaxaladığı qarşılaşmada yalnız 2 qol vura bildi.
Turun sitatı
Nevzat Kaya, “Trabzonspor”un başqan köməkçisi: