''Borussiya'' rəhbərliyindən Nuri Şahinə dəstək

27.10.2024 22:59 305
Dünya futbolu
Nuri Şahinin Dortmund ''Borussiya''sında işləri qaydasında getmir. Gənc mütəxəssisin ''kreslosu'' yavaş-yavaş laxlamağa başlayır.

Həftəiçi Çempionlar Liqasında ''Real'' ilə səfər oyununda 2 topluq üstünlüyü əldən verərək darmadağın olan ''arılar'' bu dəfə bundesliqada səfərdə ''Auqsburq''a 1:2 hesabı ilə boyun əydilər. Komanda mövsümdə 3-cü məğlubiyyətini alaraq zirvədən bir qədər də uzaq düşdü. Fanatların sosial şəbəkələrdə Nuri ilə bağlı narazılıqlarının artmasından sonra rəhbərlik məşqçiyə dəstək verib. Klubun idman direktoru Sebastyan Kel bunları deyib:

''Baş məşqçimizin arxasındayıq. Əl-ələ verib bu vəziyyətdən birlikdə çıxmalıyıq. Yaxşı durumda olmadığımızı bilirik. Bu duruma görə hər birimiz günahkarıq. Daha çox çalışmalıyıq. Artıq diqqətimizi kuboka yönəltmişik. Mərhələni adlamaq üçün əlimizdən gələni edəcəyik''.


ÇL-in son finalçısı 36 yaşlı məşqçinin başçılığı altında indiyə qədər keçirdiyi 12 rəsmi oyundan 7 qələbə, 1 heç-heçə, 4 məğlubiyyətlə ayrılıb. ''Borussiya'' növbəti oyununu oktyabrın 29-da Almaniya kuboku çərçivəsində səfərdə ''Volfsburq''a qarşı keçirəcək.

ƏLİ