Məlum olduğu kimi Nuri Şahin ''Antalyaspor''u tərk etməyə hazırlaşır.
2021-dən etibarən bu klubun başında olan və yanvardan etibarən Dortmund ''Borussiya''sının məşqçilər korpusuna daxil olacağı gözlənilən 35 yaşlı mütəxəssis adını həm Antalya təmsilçisinin, həm də superliqanın tarixinə yazdıracaq.
Belə ki, Şahinin müqaviləsində 500 min avroluq təzminat maddəsi mövcuddu. Ona görə də ''Borussiya'' bu məbləği ''Antalyaspor''a ödəməlidi. Bu təyinat rəsmiləşdikdən sonra Şahin ''Antalyaspor'' tarixində ilk, Türkiyə çempionatı tarixində isə cəmi ikinci təzminat qazandıran məşqçi olacaq! Superliqa tarixində daha öncə bunu yalnız Mihael Skibbe bacarıb. Hazırda Yaponiyada çalışan tanınmış almaniyalı mütəxəssis 2011-də ''Əskişəhərspor''dan ''Herta''ya yollanmışdı. Həmin vaxt bundesliqa təmsilçisi superliqa təmsilçisinə 250 min avro təzminat ödəmişdi. Amma təzminatın həcminə baxsaq, Şahinin Skibbeni üstələdiyini görərik.
ƏLİ