“Uğur” təəccübləndirməkdə davam edir
Dünən ölkə kubokunun 1/4 final mərhələsinin daha iki oyunu keçirildi. Günün ilk qarşılaşmasında VİP-i “Uğur”a dəyişən debütantla “Ekol” üz-üzə gəldi. Kuboku qazanmağa iddialı “Ekol”la heyətini iranlı futzalçılarla gücləndirən və 1/8 finalda elita təmsilçisi “Neftçi”ni yarışdan kənarlaşdıran “Uğur”un duelində hesab 8-ci dəqiqədə açıldı. Əvvəlcə Zaur komandasını önə keçirdi. Amma cəmi 30 saniyə sonra tablodakı rəqəmlər eyniləşdi. İkinci liqa təmsilçisindən Əli İbrahimi “status-kvo”nu bərpa etdi. Ümumiyyətlə, hesab açılana qədər tərəflər mümkün qədər ehtiyatı əldən verməməyə çalışırdı. Bu, hesab bərabərləşdikdən sonra da davam etdi. “Uğur”dan İbrahimi fəallığı ilə seçilirdi. Hesabı bərabərləşdirən oyunçu hətta 13-cü dəqiqədə qələbə topunu da vurmağa yaxın oldu. Onun effektli zərbəsini Kürdov əla reaksiya göstərməklə dəf etdi. 15-ci dəqiqədə“Uğur”un hücumu uğurlu alındı. Əlirza rəqib torunu silkələdi. Fasiləyə 3 dəqiqə qalmış Amin fərqi 2 topa çatdırdı. İkinci hissədə “Uğur”un üstünlüyü davam etdi. Hissənin əvvəlində Amoni toru silkələyən oyunçu oldu. Düzdü, “Ekol” tezliklə fərqi yenidən 2 topa endirdi. Zaur dubl etməklə bunu bacardı. Ancaq “Uğur”un iranlı legionerləri fərqi qorumaq yox, artırmaq haqda düşündüyündən rəqibi daim təzyiq altında saxlayırdı. Qalan dəqiqələr ərzində ikinci liqa təmsilçisi 2, “Ekol” daha 1 qol vurdu. Beləliklə, oyundan 6:4 hesabıyla qalib ayrılan “Uğur” yarımfinala adladı. Finala gedən yolda Fuad Rzayevin komandasının rəqibi “Marafon” olacaq. Belə ki, dünən FK.İD ilə qarşılaşan “Marafon” çətinliklə də olsa, adını yarımfinala yazdırdı.
FK.İD-dən fərqli, “Marafon” heyətinə daha iki iranlı oyunçu cəlb etmişdi ki, buna görə də matçda üstünlüyün onların tərəfində olacağını güman etmək olardı. Ancaq ilk 10 dəqiqədə nominal qonaqlar daha fəal idi. Hiss olunurdu ki, yenilər hələ komandaya uyğunlaşma baxımından əziyyət çəkir. Bunun nəticəsində də Nihadın timsalında FK.İD hesabı açdı. Qoldan sonra “Marafon” nisbətən fəallaşdı və 11-ci dəqiqədə kapitanla tarazlığı bərpa etdi. Dəqiqələr irəlilədikcə heyət baxımından əziyyət çəkən “İtaldizayn” müdafiəyə çəkilib, əks-hücum taktikasına üstünlük verməyə başladı. Bununla belə, fasiləyə qədər komandalardan heç biri fərqlənə bilmədi.
İkinci hissənin əvvəlində, konkret 25-ci dəqiqədə “Marafon” hesabı xeyrinə dəyişdi. Omid Talebi rəqib qapısına yol tapdı. Ancaq sürətli hücumlara bel bağlayan “dizaynçılar” 32-ci dəqiqədə hesabı bərabərləşdirdi. Nihadın zərbəsi zamanı top yolüstü Ağatahiri “görüb” tora daxil oldu. Əsas vaxtda qalib müəyyənləşmədiyinə görə komandalar hər biri 5 dəqiqədən ibarət iki hissədə mübarizə aparmalı oldu. Ancaq yenə başqa qol olmadı və növbə penalti seriyasına çatdı. Standart zərbələri isə daha dəqiq yerinə yetirən “Marafon” yarımfinala adladı.
Beləliklə, yarımfinalda mübarizə aparacaq 3 komandanın adına aydınlıq gəldi. Sonuncu iştirakçının kimliyi mayın 7-də “Araz”la “Yasamal-2”nin görüşündə müəyyənləşəcək. Bu cütün qalibini “Hell Energy” gözləyir.
Uğur – Ekol 6:4 (3:1)
Uğur: 16. Seyfan Vahid, 4. Həmid Solari, 6. Amin Nasrollah, 7. Bəhruz Cəfəri, 10. Əli İbrahimi; 1. Aydın Bəişli, 2. Seyid Əbülfəz, 8. Əlirza Şıxlar, 9. Mohsin Geşoni, 14. Yadulla Əmrəliyev (k), 15. Reza Amoni.
Baş məşqçi: Fuad Rzayev.
Ekol: 99. Emin Kürdov, 17. Fərid Ələkbərov, 11. Namiq Məmmədkərimov (k), 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev; 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 7. Sərxan Məstiyev, 9. Əsgər Abasov, 14. Zaur Fərziyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.
Qollar: Z.Fərziyev, 8 (0:1). Ə.İbrahimi, 8 (1:1). Ə.Şıxlar, 15 (2:1). A.Nasrollah, 18 (3:1). R.Amoni, 22 (4:1). Z.Rzayev, 24 (4:2). Ə.Şıxlar, 26 (5:2). Z.Rzayev, 32 (5:3). Ə.İbrahimi, 40 (6:3). R.Əhmədov, 40 (6:4).
Vərəqələr: Ə.Abasov, 16. S.Məstiyev, 19. B.Cəfəri, 32. N.Məmmədkərimov, 33 – sarı.
Hakimlər: Elçin Məmmədov, Yusif Nurullayev, Ramil Namazov.
Hakim-inspektor: Aslan Həsənov.
4 may. Olimpik Star.
Marafon - FK.İD 2:2 (1:1), p. - 3:2
Marafon: 12. Kəsra Mehdipur, 10. Seymur Məmmədov (k), 4. Majid Hacıbandeh, 8. Arif Bolouri, 20. Elyas Barati; 2. Kamran Hacıyev, 7. İlkin Hacıyev, 9. Omid Talebi, 11. Həmid Xodoçi, 13. Majid Morovati, 22. Tofik Əliyev, 77. Səid Çodarzi, 99. Rüstəm Bağırzadə.
Baş məşqçi: Elşad Quliyev.
FK.İD: 12. Ramil Həsənzadə (k), 7. Rəcəb Fərəczadə, 10. Faiq Əliyev, 8. Nihad İsmayılov, 6. Anar Ağayev; 1. Ümid Paşayev, 4. Elvin Quliyev, 5. Ruzigar İbrahimzadə, 9. Elşən İbrahimxəlilov, 13. Ağatahir Əzimov.
Baş məşqçi: Rəfail Adbulov.
Qollar: N.İsmayılov, 8 (0:1). S.Məmmədov, 11 (1:1). O.Talebi, 25 (2:1). A.Əzimov, 32 (2:2).
Vərqələr: S.Çodarzi, 11. M.Morovati, 12. N.İsmayılov, 18 – sarı.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev.
Hakim-inspektor: Nazim Qaracayev.
4 may. Olimpik Star.
MİRAĞA