Mehdi Cənnətov – 5,0
Santuşun əsas qapıçı kimi güvəndiyi Mehdi yenə qapısını toxunulmaz saxlaya bilmədi. Qollarda onu birbaşa günahlandırmaq çətindi. Hərçənd Haraslinin vurduğu qolda ən azı zərbəyə reaksiya verməliydi. Etiraf etməliyik ki, Cənnətov heç də etibarlı qapıçı deyil.
Anton Krivotsyuk – 4,5
Antonun imkanlarından aşağı çıxış etdiyini deyə bilmərik. Sadəcə, cinah müdafiəçisinin bacardığı budu. Tallində topu autdan auta atmasıyla gündəmə gələn “milliləşdirilmiş” futbolçu Slovakiya ilə oyunda da zəif görünürdü. Belədə Santuşun fasilədə onu əvəzləməsi təəccüb doğurmadı.
Bədavi Hüseynov – 4,5
Həm “Qarabağ”da, həm də yığmada Bədavinin eyiblərini örtən Bəhlul Mustafazadə imiş. Son iki oyun göstərdi ki, 33 yaşını iyulda tamamlayan Hüseynov yaxşı günlərini çoxdan geridə qoyub. Yüksək səviyyədə oynamaqda çətinlik çəkən dağıstanlının yerinə kimisə yetişdirə bilməməyimiz vəziyyəti daha da qəlizləşdirir. Çətin ki, bundan sonra nə vaxtsa Bədavi millidə əvvəlki kimi etibarlı görünə. Rəqibin sonuncu qolunun müdafiənin mərkəzindən və çox rahatlıqla vurulması bizim üçün “həyəcan siqnalıdı”.
Rahil Məmmədov – 3,5
Topu öz qapımıza göndərən Rahil oyunu aşağı səviyyədə keçirdi. Polşada çıxış etməsinə baxmayaraq, “artıra” bilməyən müdafəçinin oyununda da qüsurlar yetərincə çox idi. Slovaklarla görüş bir daha göstərdi ki, müdafiə xətti yığmanın yaralı yeridi. Sadəcə, bu problemləri kimlə aradan qaldıracağımız sual doğurur. Bədaviylə Rahilin mərkəzində yer aldığı müdafiənin etibarlılığından danışmağa isə dəyməz.
Elvin Cəfərquliyev – 5,0
Elvin bu dəfə də çalışdı, meydandan ən yaxşılardan biri olmağı bacardı. Amma ümumilikdə bütün komanda zəif çıxış edirsə, ayrı-ayrı fərdlərin də fəallığı nəticəsiz qalır. Necə ki, ardıcıl iki oyunda bunu Cəfərquliyevin ifasinda gördük. Tallindəki görüşün ən yaxşılarından olan Elvin Bakıda da əlindən gələni etdi. Bununla belə, o da sonda acı məğlubiyyətin iştirakçılarından birinə çevrildi.
Aleksey İsayev – 4,5
Alekseyin də ifasında xüsusi nəsə görmək mümkün olmadı. Sıradan bir futbolçu kimi davranan Aleksey rəqibin hücumlarının qarşılanmasında effektiv görünmürdü. Onun ifasında ağıllı ötürmələr, yaxud da hücuma dəstək verəcək reydlər də görmədik.
Ceyhun Nuriyev – 5,0
Fiziki cəhətdən elə də hazırlıqlı görünməyən Ceyhun bu çatışmazlığı istəkli olmasıyla ört-basdır etməyə çalışırdı. Amma acı reallıq ondan ibarətdi ki, “Zirə”nin üzvü bu səviyyəli qarşılaşmalar üçün hələ yetişməyib. Bəzən uduzduğu ikili mübarizələrdən sonra kobudluğa əl atması da milliyə kömək etmək istəyindən irəli gəlirdi. Di gəl ki, təkcə istəklə nəsə əldə etmək olmur.
Qismət Alıyev – 5,5
Cinahında xeyli fəal görünən Qismət millinin heyətində ən yaxşılardan biri idi. Lakin onun da ötürmələri ünvanına çatmırdı. 2-ci hissənin əvvəlində komanda yoldaşları kimi Alıyev də yaxşı oynamağa çalışırdı. Komandamız azlıqda qalandan sonra onun üçün də hər şey çətinləşdi. Əvəzlənməsi də fiziki cəhətdən yorğun görünməsi ilə bağlı idi.
Ramil Şeydayev – 5,5
Son vaxtlar işləri qaydasında getməyən Ramil bu oyunda məhsuldar ötürmə ilə yadda qaldı. Bu məqam bir daha onu göstərdi ki, Şeydayev bitiricilikdən daha çox komanda yoldaşlarının qol vurmasına yardım etməklə faydalı olur. Toralın fərqləndiyi epizodda verdiyi gözəl ötürməylə azarkeşlərin alqışını qazanan Ramil meydanda olduğu 76 dəqiqə ərzində çalışqanlığılı ilə də fərqləndi. Amma onun bu çalışqanlığı faydalı iş əmsalına çevirə bilməməsi də bizə məlum mövzudu.
Mahir Emreli – 3,5
Santuş Mahiri Azərbaycan futboluna qazandırmaq üçün böyük təşəbbüs göstərmişdi. Son aylarda oyun təcrübəsindən əziyyət çəkən hücumcunu start heyətində meydana buraxmağın başqa izahı yoxdu. Təəssüf ki, iki yersız sarı vərəqə alan Emreli həm Santuşu, həm də azarkeşləri məyus etdi. Oyun baxımından da xeyli geriləyən Mahiri vaxtında meydandan çıxarmayan Santuş da bu əməlinə görə peşman oldu. Çünki məhz onun komandamızı azlıqda qoymasından sonra hər şey əleyhimizə cərəyan etdi.
Toral Bayramov – 6,0
Toral Bayramov Tallində olduğu kimi, yenə də komandamızın bərabərlik qoluna imza atdı. Onun Ramilin ötürməsini tora qovuşdurması yaxşı qol duyumundan və özünəinamdan xəbər verirdi. Təəssüf ki, Tallindəki ssenaridən qaçmaq mümkün olmadı. Belədə Toralın vurduğu qol da zəif təsəllidən başqa nəyə yaramadı. Vurduğu qolla yanaşı, Bayramov daha bir neçə epizodda oyunu üzərinə götürməyi bacardı. Di gəl ki, onun bu cəhdləri də komandamızı məğlubiyyətdən xilas etmək üçün yetərsiz idi.
Emin Mahmudov – 5,5
Son vaxtlar işləri qaydasında getməyən Emini portuqaliyalı çalışdırıcı fasilədən sonra “döyüşə atdı”. Emin də meydana çıxandan az sonra özünü göstərdi, varlığını hiss etdirdi. Cərimə meydançasında qəfil peyda olan Mahmudovun ötürməsi bir qədər dəqiq olsaydı, komanda yoldaşlarından biri fərqlənə bilərdi. Belədə komandamız hesabda önə çıxar, Emin də oyunun qəhrəmanlarından biri olardı. Lakin bu ehtimalı reallaşdırmaq mümkün olmadı. Komandamız azlıqda qalandan sonra isə Emin də başqaları kimi vaxtın tez bitməsini arzulayırdı.
Renat Dadaşov – 4,5
Santuş onu meydana buraxanda artıq “qatar getmişdi”. Bununla belə, Renatın heç nə fərqlənmədiyi göz qabağındadı. Fakt odu ki, Dadaşov da sıradan bir azərbaycanlı futbolçudu.
Rüstəm Əhmədzadə - qiymətsiz
Abbas Hüseynov – qiymətsiz
Vadim Abdullayev – qiymətsiz
AMAL