Nominal qonaqların 2:0 hesabı ilə qalib gəldiyi matça ''Midtyullann''ın türkiyəli futbolçusu Aral Şimşir ilə israilli futbolçular arasında yaşanan gərginlik damğa vurdu. İkinci hissənin əvvəllərində ''Makkabi''nin üzvü Stav Lamkin Aral Şimşirə dirsək atdı. VAR incələməsi bir neçə dəqiqə davam etsə də, hakim penalti təyin etmədi. Amma təmas o qədər güclü oldu ki, türkiyəli oyunçu 59-cu dəqiqədə əvəzlənmək məcburiyyətində qaldı.
Türkiyə mətbuatının yazdığına görə israillilərin təxribatı bundan sonra da bitmədi. ''Makkabi''nin bəzi üzvləri dəhlizdə Aral Şimşirin üstünə hücum çəkdilər. Amma İsrail mətbuatının versiyasına görə Şimşir ilk yarıda bir neçə dəfə Stav Lamkinə ''azad Fələstin'' ifadəsini bağırıbmış. Bundan başqa fasilədə 22 yaşlı futbolçu ilə ''Makkabi''nin mühafizəçisi arasında da gərginlik yaşanıbmış.
Qeyd edək ki, bu oyunda ilk qolda aktivinə məhsuldar ötürmə yazan Aral Şimşir U-16-dan U-19-a qədər Danimarkanın şərəfini qoruyub. Amma sonradan qərarını dəyişərək Türkiyənin U-21 yığmasına üstünlük verib və 5 qarşılaşmada forma geyib.
Hücumçu mövqeyində oynayan bu futbolçu ''Midtyullann''ın öz yetirməsidi. Adının açıqlanmasını istəməyən ''Makkabi''nin bir futbolçusu İsrailin www.mako.co.il saytına açıqlamasında bunları deyib:
''Türkiyəli futbolçu oyunboyu ağzını dinc saxlamadı. Oyunun gedişində ona əl vursaq, qırmızı vərəqə alacağımızı bilirdik. Sonra dəhlizdə komandanın bəzi üzvləri onun üstünə getdi. Çünki artıq səssiz qalmaq istəmirdik. Bəzilərimiz onunla hesablaşmaq, ağzını yummaq istədik. Amma ora çox tez başqaları gəldi və bizi ayırdılar''.
Xəbərdə ''Makkabi''nin türkiyəli oyunçudan UEFA-ya şikayət edə biləcəyi də qeyd olunub.
ƏLİ




