“Toraldan üzrxahlıq istəməyə dəyməz” - “susun” işarəsi birmənalı qarşılanmadı

5.10.2024 10:31 1 300
Aktual / Ölkə futbolu
8-ci turun “Qarabağ” - “Sabah” (3:2) matçında Toral Bayramovun hərəkəti müzakirə mövzusu oldu. Toralın qol vurandan sonra verdiyi “susun” işarəsi birmənalı qarşılanmadı.

Bir neçə gün əvvəl “Tottenhem”in qapısına penaltini vura bilməyən Toraldan izləyicilər üzr gözlədiyi halda, bu jest normal qəbul edilmədi, ona durmadan tənqid yağdırıldı. Düzdü, futbolçu daha əvvəl də qol sevincini barmaqlarını açıb-yumaraq (bunu da qızına həsr edir) qeyd edirdi. Amma bu dəfə onu etməsəydi, bəlkə də “Qarabağ” izləyiciləri bu qədər qəzəblənməyəcəkdi.

Bəs “İmarət Tayfa” bu jesti necə qarşılayıb? Fanklub üzvlərindən Elnur Quliyevin “Footbll-plus.az”a açıqlaması:

“Toralın jestini televiziyadan mən də gördüm. "İmarət Tayfa"ya və ya sıravi azarkeşlərə yönəldiyini düşünmürəm. Buna görə də üzrxahlığa ehtiyac görmürük. Daha əvvəllər də qələbə sevincini bu jestlə qeyd etdiyinin şahidi olmuşuq. Dünyada və Azərbaycanda hər futbolçunun özünəməxsus qol sevinci olur. Yəqin ki, Toralın da sevinci o formadadı. Ona görə də üzrxahlıq istəməyə dəyməz”.

RÖYANƏ OĞUZ