Bu isə o deməkdi ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda iynə atsan, yerə düşməyəcək. “Football-plus.az” xəbər verir ki, 31200 yerlik stadionun dolması an məsələsidi. Bu qədər tamaşaçıdan güclü dəstək gözlənilir. Bəs “Qarabağ”ın “İmarət Tayfa” azarkeş qrupu bu önəmli, taleyüklü oyunda “Qarabağ Ordu” ilə ayrı-ayrı yox, eyni sektorlarda əyləşmək, birgə azarkeşlik etmək təklifinə necə baxır? Heç olmasa, bir oyun üçün birləşmək mümkündümü? Bu sualı “İmarət Tayfa”nın rəhbəri Elnur Quliyev cavabladı:
“Bu, “İmarət Tayfa”nın verəcəyi qərardı. Çünki azarkeşlərinin daha aktiv hissəsi gənclərdən ibarətdi. Doğrusu, bu mövzuya isti baxmıram. Yəqin ki, gənclər də mənimlə eyni fikirdədi. “İmarət Tayfa” ayrıca daha effektlidi. Çünki şüarlar fərqlidi. Amma inşallah, daha effektiv azarkeş kütləsi olar. Sizin vasitənizlə sıravi azarkeşlərə səslənirik ki, fanklublara dəstək olsunlar. Şüarları bilməsələr də, ən azı “Qarabağ”, oyunun 44-cü dəqiqəsində “Şəhidlər ölməz, vətən bölünməz” söyləsələr, yaxşı olar”.
KAMAL SƏFƏR



