"Football-plus.az" xəbər verir ki, UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün finalının Milandakı “San Siro” stadionunda keçirilməsinin mümkün olmadığı qənaətinə gəlib.
İtaliya Futbol Federasiyası (İFF) bir müddət əvvəl finalı təşkil etmək üçün UEFA-ya rəsmi müraciət etmişdi. İFF rəhbərliyi 2026/27 mövsümündə məşhur stadionun 100 illik yubileyinin bu şəkildə qeyd edilməsini istəyirdi. Lakin ortaya ciddi problem çıxıb və UEFA apenninlilərin istəyinin baş tutmayacağını bəyan edib. Bu barədə qurumun mətbuat xidmətinin yaydığı məlumatda belə bildirilib:
“Milan Bələdiyyəsi şəhərdəki yenidənqurma işlərinin “San Siro” stadionuna və onun ətrafına təsir etməyəcəyinə zəmanət verə bilmədiyinə görə Çempionlar Liqasının 2026/27 mövsümünün finalı üçün tender prosesinin yenidən başlaması qərara alınıb. Beləliklə, finalın təşkilini istəyənlər yenidən UEFA-ya müraciət edə bilərlər”.
Yeni təşkilatçı ilə bağlı qərarın 2025-ci ilin may-iyun aylarında veriləcəyi gözlənilir.





