La Liqanın 6-cı turunda ''Real'' ''Espanyol''u qəbul etdi.
Karlo Ançelottinin Vinisiusu ehtiyatda saxlaması və ardıcıl 2-ci çempionat oyununda Arda Gülərə start heyətində sans verməsi diqqət çəkdi. Bu mövsüm heç bir rəsmi oyunda ilk yarılarda qol vura bilməyən Madrid nəhəngi yenə ənənəsinə sadiq qaldı və fanatlar fasiləyə qədər qol görmədi. İkinci hissədə maraqlı hadisələr yaşandı.
Əvvəlcə 54-cü dəqiqədə qonaqlar Tibo Kurtuanın avtoqolu sayəsində sürpriz şəkildə hesabda önə keçdilər. Kurtua XXI əsrdə ''Real''ın heyətində avtoqol müəllifi olan ilk qapıçı kimi tarixə düşdü! Amma Kataloniya təmsilçisinin sevinci uzun sürmədi. 2 dəqiqə sonra Karvaxal hesabı bərabərləşdirdi. Vinisiusun meydana çıxmasından sonra isə qonaqlar ''ağ bayraq'' qaldırmalı oldular. Vinisius 75-də Rodriqonun fərqlənməsinə şərait yaratdısa, 3 dəqiqə sonra özü fərqləndi. Yekun nəticəni 90-cı dəqiqədə penaltidən Mbappe müəyyənləşdirdi.
''Real'' XXI əsrdə La Liqada ilk 6 turda penaltidən 5 qol vuran ilk klub oldu. Mbappe isə ''Kral klubu''nun tarixində iştirak etdiyi ardıcıl 3 çempionat oyununda penaltidən qol vuran 2-ci futbolçu oldu. Daha öncə bu göstəriciyə 2022-nin mart-aprelində Kərim Benzema nail olmuşdu. Onu da bildirək ki, ''Real''ın La Liqada məğlubiyyətsiz seriyası 38 oyuna yüksəldi! Bu da tam bir mövsümə bərabərdi.
ƏLİ