“Həmin şəxs klubumuzun mühafizə xidmətinin əməkdaşıdı” – sumqayıtlı azarkeşi kim söydü?

18.09.2024 10:52 1 073
Aktual / Ölkə futbolu
Misli premyer-liqasının 6-cı turunda “Şamaxı” doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib. Oyun “şirlər”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matç bitəndən sonra “Kimyaçılar” azarkeş qrupunun üzvlərindən biri “Sumqayıt”ın futbolçularına müraciətlə “formanı çıxarın, rədd olun burdan” dedi. Bunun cavabında isə “Sumqayıt”ın əməkdaşlarından biri həmin azarkeşi çox kobud şəkildə təhqir etdi. Müvafiq video da “Futbol+”də var.

Bəs görəsən bu şəxs kim idi? Onun nə haqqı var azarkeşlərlə belə diskussiyaya girməyə? Bu suallarla “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə müraciət etdik:

“Orda xırda bir anlaşılmazlıq oldu. Məncə, böyütməyə ehtiyac yoxdu. Azarkeşlər futbolçulara həm zəif, həm də uğursuz nəticəyə görə etirazını bildirdi vu bunu da sərt formada etdilər. Həmin şəxs klubumuzun mühafizə xidmətinin əməkdaşıdı. O da azarkeşlərə bildirdi ki, etirazlarını bir qədər yumşaq şəkildə etməlidilər. Sərtliyə və kobudluğa ehtiyac yoxdu. Tərəflər arasında gərginlik olsa da, tez bir zamanda məsələ həllini tapdı. Əsəblərin gərgin vaxtında yaranan bir hal idi”.

ƏSƏD SEYİDOV