Xəbər verdiyimiz kimi Fərdi Kadıoğlu ''Brayton''a transfer olundu.
Bu arada Fərdinin hücum oyunçusundan cinah müdafiəçisinə çevrilməsində və onun inkişafında böyük rol oynamış Vitor Pereyra ''Fanatik'' nəşrinə bu keçidlə bağlı açıqlamalar verib.
''Fənərbaxça''nı iki fərqli dönəmdə (2015/16, 2021/22) çalışdırmış portuqaliyalı mütəxəssis hazırda Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-Şabab''ın başındadı. Pereyra bunları deyib:
''Fərdinin bu səviyyəyə çatması və premyer-liqaya yollanması mənim üçün qətiyyən sürpriz olmadı. Təəccüblü odu ki, o, indiyə qədər Türkiyədə qalmışdı. İngiltərədə uğur qazanmaq üçün tələb olunan səviyyəyə, fiziki duruma, zəkaya və xarakterə sahibdi. Onu müdafiəçiyə çevirmək istədiyim dönəmdə ''çox yaxşı bir cinah müdafiəçisi ola bilərsən. Tez-tez hücumlara qoşula bilərsən. Sol ayağınla kənardan və ya güclü ayağınla içəridən rəqib qapısı önündə təhlükə yaratmağa qadirsən. Cinah müdafiəçisi olsan, tamam fərqli futbolçuya çevriləcəksən'' demişdim. Bu sözlərimə güvəndi və həmin mövqedə əlindən gələni etməyə başladı. Kim Min Çje, Arda Gülər və Fərdi kimi futbolçuların inkişafını yaxından izləmək fürsəti əldə etdiyim üçün qürurluyam. Amma bu futbolçuların karyeraları ərzində nail olduqları inkişafa görə yalnız onların özlərini tərifləmək lazımdı. Hər biri inkişaf etmək və daha yüksək səviyyəli futbolçuya çevrilmək üçün böyük bir əzm göstərməkdə davam edirlər. Fərdi də daxil olmaqla hər birinə uğurlar arzulayıram''.
ƏLİ