“Bunun üçün qarşı tərəfin cavabını gözləməyə ehtiyac yoxdu” – Estoniya Qəbələdə oynamaq istəmir?

24.08.2024 14:22 411
Aktual / Ölkə futbolu
Azərbaycan yığmasının Millətlər Liqası çərçivəsində Estoniyaya ilə oyunu Qəbələdə keçirilə bilər.

Belə ki, noyabrda Bakıda COP-29 forumu olacağına görə AFFA oyunun Qəbələ şəhər stadionunda keçirilməsini istəyir. Hətta iyunda yığmanın baş məşqçisi Fernando Santuş həmin stadionda olub və şəraitdən razı qalıb. AFFA UEFA və Estoniya Futbol İttifaqı ilə danışıq aparır. Lakin Estoniyanın bu dəyişikliyə həvəssiz yanaşmsı ilə bağlı da xəbərlər var.

Bəs yığma Estoniya ilə oyunu Qəbələdə keçirəcəkmi? Bununla bağlı bilgi almaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə müraciət etdik. O, “Football-plus.az”a açıqlamasında bunları dedi:

“Millətlər Liqası çərçivəsində noyabrın 16-da Estoniya ilə keçiriləcək oyunun məkanıyla bağlı danışıqlar davam edir. Oyunun Qəbələdə təşkil olunması ilə bağlı həm UEFA, həm də Estoniya Futbol İttifaqı ilə danışıqlar aparılır. Hələ ki matçın harada olacağı tam dəqiqləşməyib. Yaxın vaxtlarda məsələ rəsmiləşən kimi ictimaiyyətə məlumat veriləcək. Estoniyadan razılıq almağa gəlincə, stadion 4 ulduzlu kateqoriyaya aiddisə, bunun üçün qarşı tərəfin cavabını gözləməyə ehtiyac yoxdu. Meydan sahibi istədiyi yerdə rəqibi qəbul edə bilər. Lakin stadion bu kateqoriyaya uyğun olmadıqda artıq UEFA ilə yanaşı, qarşı tərəfin də razılığı önəm daşıyır”.

RÖYANƏ OĞUZ