MHL klublarından “Tampa-Bey”in sahibi Ceff Vinnik onun bu liqa üçün rekord sayılan qiymətə satışı ilə bağlı prosesə başlayıb.
Sövdələşmənin dəyəri 2 milyard dollar olacaq. “Tampa-Bey”ə “Blue Owl Capital” investisiya şirkətinin baş direktoru və həmtəsisçisi Duq Ostrover yiyələnəcək.
Vinnik 2010-cu ildə “Tampa-Bey”i 170 milyon dollara almışdı. “Ottava”nın ötən ilin iyununda kanadalı milyarder Maykl Endlauer tərəfindən 950 milyon dollara alınması MHL-də indiyəqədərki ən böyük sövdələşmə sayılır.
Bu arada “Toronto”nun forvardı Oston Mettyus komandanın yeni kapitanı seçilib. 26 yaşlı amerikalı Kanada klubunun tarixindəki 26-cı kapitandı. Ona qədər kapitan sarğısını Con Tavares daşıyırdı.
2016-cı ildən bəri “Toronto”nun formasını geyən Mettyus ötən mövsüm müntəzəm çempionatda keçirdiyi 81 oyunda 107 (69+38), pley-offda keçirdiyi 5 oyunda isə 4 (1+3) xal toplayıb.