"Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərlinin iştirakı ilə mətbuat konfransı təşkil olunub.
“Football-plus.az” klub rəsmisinin fikirlərini diqqətinizə çatdırır:
“Format sizin üçün də gözlənilməz ola bilər. Bizim üçün gözlənilməz bir şey yoxdu. Bu mətbuat konfransının birincisi ötən həftəyə planlaşdırılmışdı. Texniki səbəblərdən alınmadı. Müxtəlif fikirlər səsləndirilir, yazılır. Bu konfransın məğlubiyyətlərə aidiyyatı yoxdu. Çalışacağıq ki, ayda iki dəfə görüşək, "Neftçi"də baş verənləri, klubun siyasətini müzakirə edək, klubun mövqeyini media nümayəndələrinə, azarkeşlərə çatdıraq. Qərara gəldik ki, həm sizi maraqlandıran, həm də azarkeşləri maraqlandıran suallara birinci mənbədən canlı yayımda cavab versək, daha məqsədəuyğun olar. Bugünkü mətbuat konfransının gündəmini siz müəyyənləşdirirsiz. Sizi maraqlandıran suallar varsa, verə bilərsiz. Bizim də demək istədiklərimiz var”.
- Niyə məhz siz ilk mətbuat konfransında media qaşrısına çıxdız? Sizin işiniz media koordinatorluğudu. Başqa suallara cavab verə biləcək şəxslər var. Niyə məhz siz burada əyləşmisiz?- Bu, mənim vəzifə təlimatlarımdan biridi, mətbuatla ünsiyyət, işlərin koordinasiyası. Burada qeyri-adi heç nə yoxdu. Klubun fəaliyyətini, həftə ərzində klubda baş verənləri ictimaiyyətə çatdırmaq vəzifə borcumdu. Burada oturmağımın səbəbləri də budu. Meydanda baş verənlərə isə baş məşqçimiz cavab verə bilər. Onu da həftədə minimum bir dəfə görürsüz, suallar verə bilərsiz. Ötən bazar baş məşqçiyə suallar vermək imkanınız oldu. Bu şənbə günündə qarşılaşmadan sonra meydanda baş verənlərlə bağlı o şəxsə suallar verə bilərsiz. Meydandan kənardan baş verənlər, klubun fəaliyyəti, transfer siyasəti, infrasturkturla bağlı məndə tam dolğun informasiyalar var.
- Mövsümün sonunda "Neftçi" avrokuboklara vəsiqə qazana bilməsə, siz məsuliyyəti üzərinizə götürəcəksiz?- "Neftçi" avrokuboklara vəsiqə qazanacaq. Nəticələrə cavabdeh şəxs baş məşqçidi. Mən məsuliyyət daşıya bilmərəm. Əgər mövsümün sonunda uğur olacaqsa, hamının uğuru olacaq, uğursuzluq olacaqsa, hamının uğursuzluğu olacaq.
- Maraqlıdı, indiki mətbuat konfransının strukturu necə olacaqdı? Siz burada təksiz. Cenk Sümer, Yens Andersson burada yoxdu. Kamil Məmmədov da yoxdu...- "Neftçi TV"yə müsahibə vermişdim və klubun strategiyasını açıqlamışdım. Klub quruculuğunda infrastruktur məsələləri də gündəmə gəlir. Mövzulardan biri klubun infrastrukturdu. Bilirdik ki, bu ilə qədər "Neftçi"nin tarixinə yaraşan səviyyədə deyildi. Amma qısa müddətdə çox yaxşı işlər görüldü. Bazamız hazırdı. Yaxın günlərdə ikinci mərtəbə də olacaq. Ofisimiz də orada olacaq. Sizi də dəvət edəcəyik, siz də görəcəksiz. Stadiondan da danışmaq lazımdı. "Neftçi" azarkeşlərini maraqlandıran əsas mövzulardan biri stadionun ot örtüyü idi. Müxtəlif yazılar oldu. Biz reaksiya vermədik. Onsuzda bizim bəyanatımızda dolğun yazılmışdı. "Neftçi Arena" bizim deyil, AFFA-nındı. Amma istənilən halda, bura yatırım edirik. Onlardan biri də ot örtüyüdü. Stadionun ot örtüyü birinci turda gördük ki, azarkeşlərin və medianın xoşuna gəlmədi. "Forza Neftçi" oyuna çox ciddi hazırlaşmışdı. Böyük pankart da asılmışdı. O hazırlığı pozmamaq üçün "Turan Tovuz"la oyunu "Neftçi Arena"da keçirməyə qərar verdik. Ancaq ot örtüyünün qənaətbəxş olmadığına görə ,stadionu dəyişdik. İndi işlər gedir. Çox ciddi irəliləyiş var. "Qarabağ"la oyunumuz var. Ona qədər stadionun ot örtüyü yaxşı olacaq. Bu arenada ot örtüyünün yenilənməsi 2019-cu ildə baş verib. Türkiyə millisi Avropa çempionatına hazırlıq üçün "Neftçi Arena"nı seçmişdi. Ondan bu yana stadionda kiçik bərpa prosesləri edilib. Hazırda meydanda görülən işlər ot örtüyünün üst hissəsinin bərpa işləridi. Bizim arena digər arenalardan təbii quruluşuna görə fərqlənir. Stadionda havalandırma ilə bağlı problem olur. Yay aylarında havanın isti olduğu müddətdə havalandırma mənfi təsir göstərdiyi üçün otun bitməsində problemlər önə çıxır. Ona görə bərpa işləri aparılmalıdı. Yenidən toxumlar səpilib. Dəliklər var idi. Görəcəksiz ki, azalıb. Bizim gündəmimizdəki problemlərdən biri bu idi. Mətbuatda həmkarlarımız yazırlar, müxtəlif fikirlərə yer verirlər. Transfer məsələlərinə gəlincə, çox rahat danışa bilərəm. Transfer fəaliyyətinin necə həyata keçirilməsi haqda məlumatlıyam. A-dan Z-yə qədər bilirəm. Bütün dünyada hazırda həyata keçirilən sistem "Neftçi"də də həyata keçirilir. Çox sivil sistemdi. Kluba futbolçular təklif edilir. Baş məşqçinin bildirdiyi problemli mövqelər olur, onun istədiyi keyfiyyətdə futbolçular bildirilir. Skautlarımız futbolçuları idman direktoru ilə birlikdə seçirlər. Baş məşqçinin tələbinə uyğun "şort-list" təqdim olunur. O da ən bəyəndiyi, uyğun gələnini seçir və futbolçu ilə danışıqlara başlanılır. Doğrudu, sonradan hansısa xırda problemlər çıxa bilər. Məxsus olduğu klub çox yüksək qiymət istəyə bilər, orada razılığa gəlməyə bilərik. Amma baş məşqçi hansı futbolçunu istəyirsə, onunla danışıqlar aparılır. Transfer pəncərəsinin bağlanmasına bir ay var. Meydandan baş verənlərə fikir bildirməyimiz, müdaxilə etməyimiz mümkün deyil. Baş məşqçimiz bununla bağlı danışır. Nəticələr ürəkaçan deyil. Yeni bir şey icad etmirəm. Nəticələr azarkeşləri də narazı salır. Klubu da, baş məşqçini, futbolçuları narahat edir. Bir az vaxt lazımdır. "Sabah"la matçda start heyətdəki futbolçulardan 5-i yeni idi. Bu da öz təsirini göstərdi.
- Bir çoxları fikirləşir ki, medianın, azarkeşlərin sizə olan sevgisi, hörmətinə görə rəhbərlik sizdən qalxan kimi istifadə edir, sizi medianın önünə atır. Bu təşəbbüs sizdən gəlib, yoxsa rəhbərlikdən? Pərdərarxasında səlahiyyətləriniz daha çoxdu deyə bilərik?
- Tamamilə əsassızdı. Mətbuatı və ya azarkeşləri sakitləşdirmək üçün... Bu, ağlagəlməz bir şeydir. Bu mənim vəzifə təlimatlarımda var. Biz də sizin içinizdən çıxmışıq. Qayıdacağımız yer də oradı. Səlahiyyətə gəldikdə, xeyr. Klubda hər kəsin öz işi var, hamı öz işi ilə məşğuldu. Klubun siyasətini, klubda baş verənləri ictimaiyyətə çatdırmaqdır işimiz. Təşəbbüsə gəlincə, ümumi qərardı. Rəhbərliyin istəyi olub, mən də hə demişəm.
- Son zamanlarda Qara Qarayevlə bağlı çoxsaylı yazılar yazılır. Komandada qalacaq, yoxsa gedəcək?- Qara Azərbaycan futbolunda artıq iz qoymuş biridi. Millidə, "Qarabağ"dakı çıxışları... Onun Azərbaycan futbolunda böyük xidmətləri var. Olub və məncə, yenə də olacaq. Əminəm ki, Qara yaxşı məşqçi, funksioner də ola bilər. Futbol adamıdı. Onun haqda danışanda, böyük hörmətlə danışırıq, belə də olmalıdı. Meydanda baş verənlərə baş məşqçi qərar verib. Roman Qriqorçuk da bildirdi ki, Qaraya onu start heyətində görmədiyini bildirib. Bu, onun seçimidi. Müdaxilə edə bilmərik. O ki qaldı, Qaranın "Neftçi"dəki karyerası ilı bağlı proseslərə... Xahiş edərdim ki, bu hələlik klubun daxilində qalsın. Anlayışla qarşılaşayın ki, heç bir tərəf bu məsələdən zərər görməsin. Çox qısa zamanda yəqin ki, məlumat verərik. Ancaq klubun daxili işidi deyə, sizdən bizi anlayışla qarşılamağınızı rica edərdim.
- Azarkeşlər Emin Mahmudovun komandadan getməsini tələb etmişdi. Onun gələcəyi haqda plan necədi?- Azarkeşlər istənilən futbolçunu tənqid etməkdə azaddırlar. Tərifləməyə də azaddırlar. Eminin "Neftçi" ilə müqaviləsi var, kapitanımızdı. Onun gələcəyi ilə bağlı haradasa müzakirə edilməyib. Bir müjdə verim azarkeşlərə. Bu gün artıq bir yeni futbolçumuzun tibbi baxışı həyata keçiriləcək. Alınsa, bu gün, alınmasa sabah yeni transferimizi açıqlayacağıq. Mövqeyi isə sol cinah müdafiəçisidi.
- Bəs, Azər Əliyev və Azər Salahlı?- İkisi də komandada qalır. Hansı futbolçunu hansı mövqedə oynatmaq baş məşqçinin qərarıdı.
- Azarkeşlər üçün tribunada xüsusi oturacaqlar quraşdırılacağını demişdiz. Bu barədə yenilik nə vaxt olacaq?
- İş başlayır. Ot örtüyü ilə bağlı yeniliyə dərhal başladıq. Mütləq sentyabrın 21-nə qədər ot örtüyü çatdırılmalıdı. Digər məsələlər də sentyabrın 21-nə qədər sona çatdırılmalıdı. İnanırıq ki, həmin vaxta qədər stadionun oturacaqları ağ-qara rəngə dəyişdiriləcək. Həm də, fəal azarkeşlərimiz üçün oturacaqlar açılıb-bağlanan olacaq. Digər məsələlər də var. Stadiondakı çatışmazlıqları adi gözlə də görürsüz. Dam örtüyü, səs sistemi, işıqlandırma ilə bağlı çatışmazlıqlar var. Hamısı həyata keçiriləcək.
- Olmazdı ki, "Sabah"la oyun Masazırda keçirilsin? Qarşı tərəfə belə təklif etmişdiz?- Müxtəlif düşüncələr var idi. Elə düşüncə də var idi ki, ev oyunlarının yerini dəyişək. Azərbaycanda indi stadion tapmaq çətindi. Bəzi komandaların məşq etməyə stadionu yoxdu. Qarşılıqlı danışıqlardan sonra qərar gəldik ki, ev stadionu axtarmaq lazımdı. "Dalğa Arena" variantı üzərində dayandıq. "Zirə" ilə danışıqlardan sonra ev oyunumuz Zirəyə keçirildi. Biz də razılıq verdik. "Zirə"nin stadionunun ot örtüyü çox yaxşı vəziyyətdəydi. Hansısa narazılığımız yox idi.
- Gələcək mətbuat konfranslarında da ancaq sizi görəcəyik, yoxsa gedişata uyğun dəyişəcək?- Nəticənin mətbaut konfransına aidiyyatı yoxdu. Yeni sponsor təqdimatımız olacaq. Ciddi danışıqlar gedir. Bazada yerləşdiriləcək banner ola bilər, forma üzərində olacaq sponsor yazıları da ola bilər. Yeni oyunçuların fərqli təqdimatı iştirakı lazımdı. Onları da mətbuat konfransına çıxaracağıq. Amma başa düşmək lazımdı ki, iyul və avqust aylarında proseslər çox tez oldu. Sanki xaotik formada görünürdü. Gələcək konfranslarda idman direktorumuz da iştirak edəcək. Baş icraçı direktorumuzla da tanış olacağıq. Yeni sponsorlarımız bura çıxa bilər. Ola da bilər, həftədə bir dəfə, ayda iki dəfə görüşək, fikir mübadiləsi aparaq.
- "Neftçi" kimi köklü kluba özünün balansında olacaq stadion lazım deyil?- Əlbəttə ki, lazımdı. Amma reallıqlar var. Desək ki, 1-2 ildən sonra müasir, əla stadionumuz olacaq, doğru olmaz. Amma qlobal planlarda bu da var. Yəni, "Neftçi"nin özünəməxsus stadionunun olması. Bunlar zaman alan, texniki proseslərdi. Klubda çalışan insanlar da bunu istəyir. Hamımız istəyirik ki, klubun adına, tarixinə yaraşan stadion inşa edək. Ümid edək ki, yaxın vaxtlarda bu baş verəcək.
- "Neftçi"də hazırda neçə rəhbər var?- Bir rəhbər var. Müşahidə Şurası və hər şöbənin öz rəhbəri.
- "Neftçi"yə cavabdehlik daşıyan kimdi?- Klubun Müşahidə Şurası.
- "Neftçi"nin çempionatdakı üç oyununu görmüşük. Dediz ki, 5-6 tur vaxt lazımdı. 3-4 həftəyə dəyişəcək? Bu "Neftçi" ilə nəyə ümid edirsiz?- Beş-altı tur lazımdı fikri mənim deyil. Roman Qriqorçuk yeni futbolçuların adaptasiyası ilə bağlı demişdi. Mən deməmişəm ki, "Neftçi" 5-6 tur sonra yaxşı oynayacaq. Komandanın nə vaxt necə oynayacağını baş məşqçiyə sual verin. Klub nümayəndəsi kimi gözləntilərim nikbindi. Gündəlik məşqlərə baxıram. Klubdakı fəaliyyətinin içindəyəm. Hamı öz işini məqsədyönlü şəkildə, peşəkarlıq keyfiyyəti ilə yerinə yetirir. Roman Qriqorçuk 24 saat çalışır. Onun keçmişi var. Ölkə xaricində, öz ölkəsində, bir neçə bizim kimi potsovet ölkələrində çempion olub. "Qəbələ"də gördüyü işlər göz önündədir. Bu şəxsin baş məşqçi kimi nəyə qadir olduğunu bilirik. O, Azərbaycanı son dəfə tərk edəndə 2018-ci il idi, altı il keçib. Azərbaycanı tanıyır, amma yenidən uyğunlaşmaq, öz ideyalarını yeni komandasına aşılamaq üçün vaxt lazımdı. O isə bunu daha yaxşı bilir. Qarşıdakı həftələrdə "Neftçi"nin daha yaxşı oynayacağını proqnozlaşdırmaq olar. Ümid edək ki, azarkeşləri də nəticələrlə sevindirəcəyik. Mətbuatda yazılır ki, Qriqorçuk gedəcək, narazıdı... Bu xəbərlərin altında mənbə olmadığı üçün haradan götürüldüyü görmürük...Ona görə də nəsə demək çətindi. Məşqlərimiz də açıq deyil ki, deyək orada nəsə olub. Qriqorçukun kimdən, nədən narazı olmasının məndə cavabı yoxdu. Ötən həftə rəhbərliyə narazılığını bildirib? Bununla bağlı məlumat yoxdu. Klub yeni nəfəslə yeni mövsümə atılıb. Nəticələr heç birimizi qane etmir. Hamımız başa düşürük ki, üç turdan sonra 2 xal yığmağımız normal deyil. Ümid edək ki, qısa müddətdə baş məşqçiyə verlən suallar yalnız qalibiyyətlə bağlı olacaq.
- "Qarabağ"da nə Türkiyədən, nə də İsveçdən klub rəsmisi var. "Zirə"də də həmçinin. Avropa strukturu formalaşdırana qədər klublarımız irəli gedir. Bəlkə uğur düstururnu "Qarabağ"dan götürəsiz?- "Qarabağ"da Türkiyədən mütəxəssis var. Amma məsələ o deyil. Hər klubun öz yolu var. Biz bu gün seçilən yolun yekunları haqda avqustda danışa bilmərik. İndidən nəyin necə olacağını bilmirik. İnanırıq ki, seçilən yol doğrudu. Biz bilirik ki, Danimarkadakı kimi klub formalaşdıra bilmərik. Hər şeyin fərqindəyik. Sadəcə dünyanın qabaqcıl klublarının yaxşı işlərini götürməkdə pis nə var? Yaşayaq, görək. İnanırıq ki, seçdiyimiz yol doğrudu və qısa müddətdə uğur qazanacağıq. Amma bu da qısa yol deyil. Qısa yol çox böyük pul xərcləməkdi. Bəlkə də, bir mövsümlük nəticə olar. Fərqindəyik ki, seçdiyimiz yol uzun və çətindi. Amma biz bundan qorxmuruq. İş gedir. Bir gün bəhrəsini görəcəyik.
- "Neftçi TV"nin peykə çıxması üçün nə çatışmır?- Buna can atırıq. Bizdən əvvəl klubu quranların, media komandasının da fikri bu idi. Amma televiziya quruculuğu çox çətindi. Bu yöndə işləmişəm. "CBC Sport"un əsası qoyulanda ilk insanlardan biri mən olmuşam. "CBC Sport"un imkanları daha genişdi, yayımçıdı. Onun belə əsas yayıma keçməsi 2-3 ay almışdı .Avqustda proses başladı, noyabrda əsas yayıma keçdi. Məqsədimiz odu. Bunun üçün yaxşı maliyyə yatırımı lazımdı, kadrlarımızın sayı artmalıdı. Media komandası olaraq "Neftçi TV"ni inkişaf etdirməliyik. "Neftçi TV"də yeni layihələr olacaq. Bəzi avadanlıqlar yenilənməlidi. Yeni bazamız inşa olunur, ora keçid etməliyik. Yaxın gələcəkdə "Neftçi Tv"də də yeniliklər görəcəksiz. Bu qrupu bura yığanlara təşəkkür edirəm.
- Lukas Melano və Brayan Morenonun komandadan ayrılacağı gözlənilir?- Moreno zədəlidi. Zədəsinin uzunmüddətli olub-olmamasını müəyyənləşdirmək üçün zamana ehtiyac var. Dizindəki problemi müəyyənləşdirmək lazımdı. Ona görə mövsümün sifariş ərizəsinə salmamışıq. Zədəsinin mahiyyəti tam bilinməyib. Onun bizimlə müqaviləsi var. Sağlamlıq durumu ilə bağlı məsələdi. Melanoya gəldikdə, onunla da müqavilə var. Qara Qarayev məsələsi kimi, bu mövzunun da klubdaxilində qalmasını rica edirəm. "Neftçi" bu məsələlərdə operativdi. Yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək.