Bu yay ''Antalyaspor''un başına keçən Aleks de Souzanın hələ ki, Türkiyədə işləri istədiyi kimi getmir.
Komanda onun başçılığı altında hazırlıq oyunlarının hamısında uduzmuşdu. İlk turdan bir neçə gün öncə isə Aleksin məşqçi lisenziyası ilə baglı problem yaşandığı üzə çıxmışdı. Bu üzdən birinci turda ''Göztəpə'' ilə ev oyununda (0:0) baş məşqçi funksiyasını Aleksin köməkçisi Mehmet Aurelio icra etmişdi. Sən demə Aleksin sahib olduğu lisenziya ilə Türkiyədə baş məşqçi işləmək olmurmuş! Buna qədər əsas komanda səviyyəsində yalnız Braziliyanın aşağı liqa təmsilçisi ''Avai''ni çalışdıran ''sambaçı''ya vətənində verilən lisenziya Türkiyədə keçərli deyilmiş.
''Antalyaspor'' rəhbərliyi bu problemi aradan qaldırmaq üçün Türkiyə Futbol Federasiyası ilə danışıqları davam etdirir. Federasiyadan müsbət cavab gəlməsə, Aleks artıq klubda yönətici kimi qeydiyyatdan keçməli olacaq. Məlum olub ki, bu problem tək Aleksə yox, onun özü ilə birlikdə Braziliyadan gətirdiyi köməkçilərinə də aiddi. Köməkçi məşqçilər Joao Paulo ilə Ze Robertonun, eləcə də qapıçılar üzrə məşqçi Jozeval Vieyra da Silvanın lisenziyası Türkiyədə keçərli deyil. Hazırda ''Antalyaspor''un məşqçilər korpusunda yer alan isimlərdən yalnız Mehmet Aurelionun lisenziyası TFF tərəfindən tanınır. Çünki o, məşqçilik kursunu məhz Türkiyədə başa vurub.
Sabah 2-ci tur çərçivəsində ''Beşiktaş''a qarşı səfər oyununda da baş məşqçi funksiyasını Mehmet Aurelio icra edəcək. Aleks isə ehtiyat zonada yalnız yönətici kimi yer alacaq.
ƏLİ