“Bizə çox sadə sarı vərəqələr göstərdi” - Zubir mərhələ keçəcəklərinə inanır

7.08.2024 19:51 819
Manşet / Çempionlar Liqası
"Qarabağ" - "Ludoqorets" matçından sonra ağdamlıların kapitanı Abdulla Zubir “Football-plus.az”a müsahibə verdi.

- Oyun haqqında fikirlərini bilmək istərdik...
- Çox çətin oyun oldu. Bunu gözləyirdik və buna hazırlaşırdıq. Qarşıdakı bir həftə ərzində əlimizdən gələni edəcək, ikinci görüşə inamlı yollanacağıq. İnşallah, səfərdən yaxşı nəticə ilə qayıdarıq.

- Sənə elə gəlmir ki, komandanın bəxti gətirmədi?
- Bu futboldu və bunu qəbul etməliyik. Ümid edirəm ki, gələn həftə bəxtimiz daha çox gətirəcək, daha çox qol vuracağıq. Bu da bizə bəs edəcək ki, növbəti mərjhələyə adlayaq.

- Baş məşqçi qeyd etdi ki, hakimin qonaqlara simpatiyası hiss olunurdu. Sən də bunu hiss edirdin?
- Hakimin qərarlarını müzakirə etməyi sevmirəm. Ancaq bizə çox sadə sarı vərəqələr göstərdi. Onlara belə etmədi, halbuki göstərə bilərdi.

- Səfərdə minimal hesablı qələbə oyunu əlavə vaxta və penalti seriyasına apara bilər. Komanda fiziki cəhətdən buna hazırdımı?
- İlk hədəfimiz 90 dəqiqə ərzində oyunun taleyini həll etməkdi. Sözsüz, lazım olsa, buna da hazır olacağıq.

- Bu komandanı səfərdə udmaq olar. Birinci oyuna görə sən də belə düşünürsən?
- Biz öz keyfiyyətimizə inanırıq. Bilirik ki, rəqib komandanı keçə biləcəyik. Bilirik ki, bu komandaya qarşı üstün oynamaq, mərhələ adlamaq olar.

RÖYANƏ OĞUZ